Beynəlxalq ictimaiyyətin Azərbaycanın Qarabağ iqtisadi bölgəsindəki erməni separatçılarının “seçki” təxribatını kəskin pisləməsi təqdirəlayiq haldır. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının uğurudur. Qardaş Türkiyə başda olmaqla müttəfiq ölkələrin və Avropa İttifaqının simasında bir sıra nüfuzlu beynəlxalq təsisatların dərhal bəyanatla çıxış edərək separatçıların bu təxribatını qınaması və onların keçirdiyi “prezident seçkiləri”ni tanımadıqlarını bəyan etmələrini separatçılara vurulmuş tutarlı zərbələrdən biridir.
Dünya birliyinin bu mövqeyi həmçinin bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, o biri tərəfdən isə Azərbaycanın suveren ərazilərində qanunsuz separatçı rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsini dəstəkləyən riyakar Ermənistanın da ümidlərinin üzərindən xətt çəkdi. Dünya birliyinin tanımadığı qondarma rejimi Ermənistan tanımağa cəsarət etməz. Ona görə də Ermənistan bölgədə vəziyyəti daha da gərginləşdirən bu cür təxribatların dəstəkçisi rolunda çıxış etməkdən əl çəkməli və Azərbaycanla münasibətlərin normallaşması prosesinə, sülh gündəliyinə qayıtmalıdır.
Qarabağdakı qanunsuz “prezident seçkiləri” ilə bağlı beynəlxalq ictimaiyyətin sərgilədiyi prinsipial mövqe bir daha onu göstərdi ki, beynəlxalq hüquq həqiqətən də Azərbaycanın tərəfindədir və separatçıların Xankəndidə keçirdikləri “seçkilər”in, aksiyaların heç bir hüquqi-siyasi əsası yoxdur. Bu isə Azərbaycanın bölgədə separatçılıq hallarının aradan qaldırılması və mülki ermənilərin reinteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirməsi üçün əlverişli zəmin yaradır. Regionda sülh və sabitlik üçün əsas təhdid mənbəyi olaraq qalmaqda davam edən erməni sepratizminin kökünün qurudulmasına tezliklə hamımız şahidlik edəcəyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri