Bakıda səfərdə olan Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədr müavini, professor Harun Tanrıvermiş və Türkiyənin tanınmış inşaat mühəndisi, professor Mustafa Tombul Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucla görüşüblər.
AQC-dən Newscenter-az-a bildirilib ki, görüşdə professor Harun Tanrıvermiş AQC sədrinin Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ərsəyə gəlməsində xüsusi xidmətlərini vurğulayıb. O, türk dövlətləri qiymətləndiriciləri arasında yüksək əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.
AQC sədri Vüqar Oruc Azərbaycan və Türkiyə, habelə türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini söyləyib. Azərbaycan və Türkiyə prezidentlərinin səyləri nəticəsində türk dövlətləri arasında həmrəyliyin ən yüksək səviyyəyə çatdığını deyən sədr Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı qonaqları məlumatlandırıb. AQC sədri bildirib ki, qurumun noyabr ayında Ankarada keçiriləcək toplantısında vacib qərarların qəbulu nəzərdə tutulur.
Bakıdakı universitetlərdən birində əmlak və qiymətləndirmə mütəxəssislərinin ixtisaslaşacağı fakültənin təsis olunmasının zəruriliyindən bəhs edən V.Oruc AQC-nin bu istiqamətdə səfərbər olunduğunu və ali təhsil müəssisələri ilə danışıqlar apardığını diqqətə çatdırıb.
Görüş əsnasında Ankara Universitetinin AQC-nin Təlim, tədris və sertifikatlaşdırma departamenti ilə birlikdə onlayn və əyani kursların təşkil etməsi barədə razılıq əldə olunub. Həmçinin tərəflərin birgə razılığına əsasən, noyabr ayında Türkiyənin paytaxtında keçiriləcək Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı çərçivəsində Ankara Universiteti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Anar Əliyev