“Azərbaycan Ermənistanı təcavüzkar siyasətindən dönməyə və münaqişənin nəticələrindən irəli gələn çağırışlarla bağlı öhdəliklərini yerinə yetirməyə çağırmaqla bağlı beynəlxalq ictimaiyyətin üzərinə böyük öhdəlik götürəcəyini gözləyir”.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.
XİN başçısı bildirib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan etnik erməniləri siyasi-hüquqi və sosial-iqtisadi çərçivədə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etmək öhdəliyi götürüb: “Azərbaycan öz Konstitusiyasında və iştirakçısı olduğu beynəlxalq konvensiyalarda ərazisindəki etnik azlıqların bütün müvafiq hüquq və azadlıqlarını qorumağa zəmanət verir. Normallaşma prosesində üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışan, revanşist təfəkkürlə idarə olunan Ermənistan isə etnik nifrəti təbliğ edir, faktları təhrif edir, etnik erməniləri manipulyasiya edərək uydurma hekayələrlə beynəlxalq ictimaiyyəti çaşdırır”.
C.Bayramov vurğulayıb ki, dövlətlərin daxili işlərinə müdaxilə beynəlxalq hüquqla qəti şəkildə qadağandır: “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının qorunması adı altında dövlətlərin daxili işlərinə qarışmaq, suverenliyinə, ərazi bütövlüyünə və birliyinə xələl gətirmək qəti şəkildə qadağandır. İstənilən belə cəhd beynəlxalq ictimaiyyət tərəfindən pislənilməli və qətiyyətlə rədd edilməlidir”.
Mehman Mehdiyev