Ermənistanın Qərbə meyllənmə hərəkətlərini ciddi qəbul etmək olmaz. Paşinyan hakimiyyəti ələ keçirəndən bu günə kimi onun Rusiya əleyhinə danışdığını görürük. KTMT-nin üzvlüyündən narazı olduğunu, təşkilatın Ermənistanı qorumadığını deyir. Amma bununla belə Paşinyan Putinin yanından əl çəkmir".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Rusiyanın Ermənistanda mümkün hakimiyyət çevrilişi edəcəyi barədə yayılan iddialara münasibət bildirərkən səsləndirib. O bildirib ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və Qarabağın Azərbaycanın olduğunu bəyan etməsi Putinin bütün planlarını pozub:
"Bunu Putin özü açıq dilə gətirir. Məsələ ondadır ki, nə Putin, nə də Paşinyan 44 günlük müharibədə Azərbaycanın belə qələbə çalacağına inanmırdılar".
Azər Qasımov deyib ki, qələbədən sonra Putin hələ də gələcəyə münaqişə planları çızsa da, Paşinyan isə müharibə, gələcək nəsillər üçün münaqişə istəmir:
"Ona görə də o, Azərbaycan ərazisi ilə əlaqəli bəyanatını verib və Putinə də mesaj verib ki, biz, artıq müharibə istəmirik, çünki bunun Ermənistan üçün heç bir perspektivi yoxdur, Azərbaycan çox güclüdür və nə indi, nə də gələcəkdə artıq Azərbaycanla qarşı-qarşıya gəlməklə nəsə uğur əldə etmək mümkün deyil. Putinin təbii ki, bu yolu tutan Paşinyanla gələcək planlar cızmaq istəyi yoxdur".
Politoloq onu da qeyd edib ki, Paşinyanı devirmək üçün Putinin planlar cızdığı ehtimalı çox yüksəkdir:
"Putin Ermənistanın başına köhnə revanşistlərdən və ya artıq bunu elan edən Vartanyanı gətirmək istəyə bilər, amma Paşinyan da artıq zəif fiqur deyil. Azərbaycan üçünsə Ermənistanın başında kimin olmasının bir o qədər də əhəmiyyəti yoxdur. Azərbaycan bu günə kimi öz gücünə stavka edib və bundan sonra da belə olacaq, təbii ki, bir də qardaş Türkiyəyə".
Anar Əliyev