Bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və ReAL Partiyası Tural Sadıqlının hədəfinə tuş gəliblər. Səbəb də məhz onların qeydiyyata alınmalarıdır.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Hamıya qara yaxmağa vərdiş eləmiş, Azərbaycanla bağlı olan nə varsa hər şeyi qara rəngdə göstərməyə adətkərdə olmuş “Azad söz” media resursunun təmsilçisi Tural Sadıqlı indi də düşüb radikal müxalifət partiyalarının üstünə.
Komitə sədri hesab edir ki, T.Sadıqlının xəstə “məntiq”inə görə, bu partiyalar qeydiyyata alınmaqdan könüllü surətdə imtina etməli və fəaliyyətlərini büsbütün dayandırmalıymışlar:
"O, bu fikrini əsaslandırmaq üçün D18 Hərəkatını və keçmiş Vətəndaş və İnkişaf Partiyasını (VİP) misal göstərir və onların adından çıxış edərək bildirir ki, bu qurumlar fəaliyyətlərini “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsindən sonra Azərbaycanda siyasi fəaliyyət göstərməyin mümkünsüzləşməsinə görə dayandırıblar. Halbuki Vətəndaş və İnkişaf Partiyasının rəhbərliyi 5 min üzvün reyestr məlumatlarını vaxtında toplaya bilməyəcəkləri səbəbindən partiyanın qeydiyyata alınmayacağını başa düşdüyünə görə fəaliyyətlərinə xitam vermək qərarına gəlib. Yəni ki, bu qərar ölkədə siyasi fəaliyyət göstərməyin mümkünsüzləşməsi ilə bağlı deyil. Tural Sadıqlı bunu bildiyi halda əsl həqiqəti qəsdən təhrif edir və ictimai rəydə bilərəkdən çaşqınlıq yaradır".
Əlisahib Hüseynovun qənaətincə, “Azad söz”ün məsuliyyətsiz sözçüsü hesab edir ki, AXCP, Müsavat və Real partiyaları hökümət tərəfindən qeydiyyata alınıbsa, bu o deməkdir ki, sözügedən partiyalar “hökümətin qılıncının altından” keçiblər:
"Guya, hökümət müxalifət partiyalarını boyun əydirərək, onları qeydiyyata alıb. Bu cür düşük iddialar T.Sadıqlının hansı zehniyyətin sahibi olduğunu göstərir. Adam sivil Avropada yaşasa da, hələ də sivil təfəkkürə yiyələnə bilməyib. Onun qeyri-sivil təfəkküründən belə çıxır ki, əgər bu gün Fransada, Almaniyada və digər Qərb ölkələrində müxalifət partiyaları dövlət tərəfindən qeydiyyata alınıbsa, deməli, həmin partiyalar da nəyinsə müqabilində qeydiyyata alınıblar və yaxud, hökumətin “qılınc”ının altından keçiblər və nəticədə olublar “reyestr müxalifəti”.
T.Sadıqlının bu yanaşması həqiqətən də olduqca bəsit və gülünc yanaşmadır. Çünki bu adamda hüquqi dövlət anlayışı yoxdur. Bu adam hələ də başa düşə bilməyib ki, iqtidaryönlü, konstruktiv və ya radikal düşərgə mənsubiyyətindən asılı olmayaraq bütün siyasi partiyalar mütləq qeydiyyatdan keçməlidir. Heç bir ölkənin qanunvericiliyi qeydiyyata alınmayan partiyaların fəaliyyətinə icazə vermir. Bu bir aksiomadır və Tural Sadıqlıdan fərqli olaraq məlum partiyaların rəhbərləri bu cür elementar həqiqəti yaxşı dərk etdiklərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə müvafiq olaraq üzvlərinin reyestr məlumatlarını toplayıb Ədliyyə Nazirliyinə təqdim ediblər. Onlar bundan əvvəl də qeydiyyatdan keçmiş partiyalar kimi fəaliyyət göstərirdilər. Bu mənada, yeni qanunun qəbulundan əvvəl bu partiyaların həqiqi müxalifətçiliyinə şübhə etməyən kəslər, indi də onların müxalifətçiliyinə şübhə ilə yanaşmamalıdırlar. Çünki bu partiyaların nə şüarları, nə hədəfləri, nə siyasi mübarizə metodları, nədəki liderləri dəyişməyib".
Komitə sədri hesab edir ki, ona görə də müxalifət partiyalarını qərəzli şəkildə qaralamaq, onları təsnifatlandırmaq, süni bölgülər aparmaq, hərəsinə bir ad qoymaq, yarlıq yapışdırmaq tamamilə yanlış mövqedir. Tural Sadıqlının müxalifət partiyalarını “cib müxalifəti”, “avtobus müxalifəti” və “reyster müxalifəti” kimi qondarma düşərgələrə, qruplara bölməsi onun siyasi naşılığından və necə deyərlər, Roma Papasından artıq katolik olmaq cəhdlərindən xəbər verir:
"Bütün bu cəhdlər müxalifəti gözdən salmağa və Azərbaycanda guya demokratik mühitin mövcud olmadığı təsəvvürünü yaratmağa xidmət edir. Lakin heç kim Tural Sadıqlıya siyasi partiyaları təsnifatlandırmaq, onların müxalifətçilik dərəcəsini ölçmək, onlara “həqiqi müxalifət” statusunu verib-verməmək səlahiyyətini həvalə etməyib. Tural Sadıqlı müxalifətçiliyin və demokratiyanın barometri deyil. O, sadəcə süni gündəm yaratmağa və özündən büt formalaşdırmağa çalışır. Ancaq indi siyasi bütlərin zamanı deyil. Biz bundan əvvəl bir çoxlarının barometr rolunu oynamaq, bütə çevrilmək təşəbbüslərinin iflasa uğradığını görmüşük".
Anar Əliyev