"Çində yayımlanan xəritə bu ölkənin Rusiya və Hindistanla mübahisəsinə səbəb olub. Çinin Dövlət Xəritəçəkmə Xidmətinin 2023-cü il xəritəsində Bolşoy Ussuriyski adasını ölkənin ən şərq hissəsi kimi qeyd edib. Xəritə Çinin Təbii Sərvətlər Nazirliyi tərəfindən yayımlanıb. Xəritədə həmçinin Cənubi Çin dənizinin böyük hissəsi də Çin ərazisi kimi göstərilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, xəritəyə ilk olaraq Hindistanın “Press Trust of India” nəşri diqqət yetirib:
"2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünməsinə baxmayaraq, Çin xəritəsində həmin ərazini özünə aid edib. Halbuki, Böyük Ussuriyski adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriyski kəndi Xabarovsk şəhərinin hüdudlarına daxildir.
Çinin Rusiya adasının tamamına iddiası Moskvada geniş rezonansa səbəb olmayıb. Görünür, Moskvanın indiki həssas məqamda Pekinlə tərəfdaşlığa ehtiyac duyması xəritə məsələsini şişirtməməyi diqtə edir. Halbuki, rusiyalı ekspertlər arasında Çinin Rusiyanın Sibir bölgəsinə olan marağından narazılıq artır".
Politoloq qeyd edib ki, Hindistan isə xəritəyə seyrçi qalmayıb. Xəritədə Hindistanın Arunaçal-Pradeş əyaləti və sərhəd bölgəsi Aksai Çin də daxil edilib:
"Hindistanın Xarici İşlər Nazirliyi bununla bağlı Çin etirazını bildirib. “Hindistan Çinin ilk dəfə etdiyi bu cəhdi qəti şəkildə rədd edir. Arunaçal-Pradeş Hindistan ərazisinin ayrılmaz hissəsidir. Adların dəyişdirilməsi cəhdləri bu reallığı dəyişməyəcək”, – deyə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi bildirib. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar da sərt şəkildə etirazını səsləndirib. O yerli NDTV televiziya kanalına müsahibəsində deyib ki, xəritədə Hindistan ərazisinə iddia həmin ərazinin Çin ərazisi olması demək deyil. BRİCS təşkilatının Cənubi Afrika Respublikasında keçirilən son sammitində xəritə ilə bağlı etirazını Hindistanın baş naziri Narendra Modi Çin lideri Tsi Cinpinə də çatdırıb.
Çinlə Hindistan arasında sərhəd gərginliyi uzun onilliklərdir davam edir. İki ölkənin Himalay dağlarında demarkasiya edilmiş sərhədin olmaması zaman-zaman qarşıdurmalara səbəb olur. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib. 1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib. 2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində ağır toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Danışıqlar nəticəsində gərginlik nisbi azalsa da, sərhəd məsələsi çözülməmiş qalıb. Bəlkə elə buna görə Çin lideri Tsi Cinpin Hindistanda keçirilən “böyük iyirmilər”in toplantısına qatılmayıb".
Mehman Mehdiyev