İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.
Newscenter.az-a nazirlikdən daxil olan xəbərə görə, görüşdə Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB Qrupuna daxil olan institutlarla uğurla əməkdaşlıq etdiyi vurğulanıb və bu tərəfdaşlığa uyğun olaraq özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Azərbaycanın ITFC və ICD ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmi bildirilib.
Görüşdə bərpa olunan enerji, dövlət-özəl əməkdaşlığı layihələri, KOB-ların inkişaf proqramları, ITFC-nin “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsi çərçivəsində Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq, İslam Maliyyəsi alətlərindən istifadə, ölkəmizdə iqtisadi zonalarda qeydiyyatdan keçmiş rezidentlərlə ICD arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.
R.Mehdiyeva