Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Elnur Hüseynov və Emin Hüseynov, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, şəhid ailələri, məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. S.Abbasova yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Təhsilin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdıran M.Vəliyeva ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilində aparılan sistemli islahatlardan bəhs edib. Ötən tədris ilinin iki böyük hadisəyə - “Şuşa ili” və “Heydər Əliyev ili”nə təsadüf etdiyini deyən İdarə müdiri xüsusilə “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli tədbirlərdən söz açıb. Bildirib ki, 2023-cü ilin dövlət başçımız İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan təhsili və Azərbaycan məktəbi qarşısında da mühüm vəzifələr qoyub.
BŞTİ-nin müdiri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, müəllimin 45 dəqiqə ərzində dərsdə öyrətmə və öyrənmə mühitini təmin etməsi və digər istiqamətlərin hər birinin qarşıda duran hədəflərdən olduğunu söyləyib. Qeyd edib ki, ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrimizdə Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər istiqamətlər qarşıdakı əsas məqsədlərdəndir.
Çıxış edənlər ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından söz açıblar.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Tədbirdən sonra BŞTİ müdiri “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunan ilk dərslərdə iştirak edib, müvafiq tövsiyələrini nəzərə çatdırıb.
R.Mehdiyeva