Sentyabrın 14-də Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İqtisadiyyat və Ticarət nazirlərinin görüşü və Türk Dünyası Biznes Forumu keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin üzvləri, Türk Dünyasının iş adamları iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan bu tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə 55 şirkətlə təmsil olunur.
Forumu açan Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hısarcıklıoğlu görülən işlər, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı öz fikirlərini bölüşüb. Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Konfederasiya prezidenti, əsası 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində qoyulan Türk Dövlətləri Təşkilatının yaradılmasından 14 ilə yaxın vaxt ötdüyünü və Təşkilatın inkişafında qardaş ölkələrlə birlikdə dövlətimizin, xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyevin böyük rolu olduğunu vurğulayıb.
O bildirib: Türk dövlətlərinin siyasi birliyi iqtisadi münasibətlərin güclü inkişafını və inteqrasiyanın dərinləşməsini tələb edirdi və təşkilata üzv ölkələrin sahibkarlarının da bir vahid platforma altında birləşməsini şərtləndirirdi. Məhz Türkiyə Odalar və Borsalar Birliyinin xüsusi səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı nəzdində Türk Ticarət və Sənaye Palatası yaradıldı və Palatanın yaradılmasında Azərbaycan Sahibkarlar Konfederasiyası da önəmli yer alaraq, üzv olmaqla Palatanın gələcək inkişafına öz töhfəsini verdi.
Son statistik məlumatlara görə, Türk Dövlətlər Təşkilatının üzvlərinin ümumi ərazisi 4.8 milyon km2, əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1.5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1.2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə dünya ərazisinin 1%ə qədəri, ticarət dövriyyəsinin 2,4%-ni Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir.
Türk Ticarət və Sənaye Palatalar Birliyi isə ilk növbədə sahibkarların şəbəkələşməsini, bir-birini tanımasını, ölkələrimizin iqtisadiyyatını, onun qaydalarını, özəlliklərini öyrənməyə imkan verdi. Ötən dövr ərzində artıq üzv dövlətlərin hər birində biznes-forumlar təşkil olunub və yeni iqtisadi əməkdaşlıqların əsası qoyulub. Hər bir görüş iqtisadi inteqrasiyaya öz töhfəsini verir və bu görüşlərin böyük əhəmiyyəti var.
Konfederasiya rəhbəri, Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün təkliflərlə çıxış edib:
“Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi ilə yükdaşımalarına dair ilkin məlumat mübadiləsi əsasında sadələşdirilmiş gömrük dəhlizindən istifadənin hüquqi təməlini təşkil edir. Bu isə daşımalarda səmərəliliyin artırılmasına, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə, ölkələrimizin ticarət dövriyyəsinin artırılmasına təkan verəcəkdir. Bu istiqamətdə coğrafi mövqeyini və logistika imkanlarını nəzərə alaraq Azərbaycanın mərkəz rolunu oynamasını təklif edirik. Regional dəyər zəncirlərinin formalaşması üçün Türk Dövlətlər Təşkilatına üzv ölkələr arasında ticarət və tranzit koridorlarının, o cümlədən Zəngəzur dəhlizinin qurulması və inkişaf etdirilməsi mühümdür.
Türk Ticarət və Sənaye Palataları Birliyi ölkələrində Dəyər zəncirinin qurulması mühüm amildir. Yüksək əlavə dəyər yaradan məhsul istehsal edərək, ölkələrimizin birgə fayda əldə etməsinə nail olmalıyıq.
Üzv ölkələr arasında insan kapitalının hərəkəti və şirkətlərin işçilər səviyyəsində təcrübə mübadiləsinin aparılması, bilik və bacarıqların artırılması üçün təlim proqramlarının təşkili vacibdir.
Davamlı və dayanıqlı ticarət mühitinin formalaşması üçün Təşkilata üzv ölkələr arasında yarana biləcək ticarət ilə bağlı mübahisələrin həlli mexanizmlərinin hazırlanmasını təklif edirik.
Onlayn əməliyyatları və transsərhəd məlumat axınını asanlaşdıran rəqəmsal ticarət (e-ticarət) üçün vahid platformanın hazırlanması, məhsul və xidmətlər üzrə mövcud texniki standartların, hüquqi tənzimləmələrin vahid bir formaya salınması sahəsində görülməli işlər çoxdur.
Türk İnvestisiya Fondunun fəaliyyətə düşməsi və üzv ölkələrdə fəaliyyətinin genişləndirilməsi, şübhəsiz biznes ictimaiyyətinin ən çox gözlədiyi məqamlardandır.
Bir təklifim də ondan ibarətdir ki, Təşkilatımıza üzv ölkələr arasında vahid İnkişaf Bankının yaradılması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı və s. kimi örnəkləri sadalamaq olar.
M.Musayev Türkiyə və Azərbaycanın İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında birgə fəaliyyətinə də toxunub.
“Bilirsiniz ki, cənab Rıfat Hisarcıklıoğlu və mən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatında Direktorlar Şurasının üzvüyük. Hesab edirəm ki, Türk dövlətlərinin İslam dünyası ilə əlaqələrinin gücləndirilməsinə böyük töhfə verə bilərik. İslam ölkələri kənd təsərrüfatı və xüsusən də halal qida seqmenti üzrə Türk dövlətlərinin iş adamları üçün maraqlı və yeni bir coğrafiyadır”.
Sonra Konfederasiya prezidenti Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlər, iş adamları üçün yaradılmış münbit şəraitə toxunaraq, Türk Dünyasının iş adamlarını Qarabağa investisiya yatırmağa, onun iqtisadi imkanlarından faydalanmağa çağırıb və bu fəaliyyətdə “Sizinlə birlikdəyik, Sizin yanınızdayıq”, – deyib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Elnur Əliyev son illər Türk Dövlətlər Təşkilatına üzv dövlətlər arasında ticarət dövriyyəsinin artdığını vurğulayıb. Nazir müavini Türk dünyası iş adamları arasında əməkdaşlığın genişləndiyini və dərinləşdiyini xüsusilə qeyd edib.
Natiq Orucov