Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çində səfərdə olan YAP nümayəndə heyəti bir sıra görüşlər keçirib

Çində səfərdə olan YAP nümayəndə heyəti bir sıra görüşlər keçirib


Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Newscenter-az-a hakim partiyadan bildirilib ki, sentyabrın 15-də Pekində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin departament müdirinin müavini Li Cünfu ilə görüşü olub. Görüş zamanı Azərbaycan və Çin arasında münasibətlərin inkişafından söhbət açılıb. Vurğulanıb ki, milli maraqları əsas götürən, bərabərhüquqlu tərəfdaşlığa malik iki dost ölkə bir-birini beynəlxalq platformalarda dəstəkləyir. Qeyd olunub ki, Çin-Azərbaycan münasibətlərinin inkişafı və ÇKP ilə YAP arasındakı əlaqələrin dərinləşdirilməsi dövlət rəhbərlərinin diqqət mərkəzindədir. Görüş zamanı Cənubi Qafqaz regionundakı proseslər müzakirə olunub və bir daha Çinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi ifadə edilib.

Nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müşaviri Cao Şiton ilə də görüşüb. Görüşdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri, eləcə də Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü xatırladılaraq Çin ilə münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətində mühüm yer tutduğu diqqətə çatdırılıb. Əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu, əməkdaşlığın mühüm perspektivlərinin olduğu vurğulanıb. Bildirilib ki, ÇKP ilə YAP arasındakı intensiv dialoq Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.

Görüşdə, həmçinin partiya quruculuğu və gənclər siyasəti sahəsində fikir mübadiləsi aparılıb, bu kontekstdə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Həmin gün nümayəndə heyəti ÇKP MK-nin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müşaviri Cao Şitonun adından verilən rəsmi qəbulda da iştirak edib. Mərasimdə qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

Daha sonra nümayəndə heyətinin ÇKP MK Təşkilat şöbəsinin gənc kadrların hazırlanması departamentinin müdir müavini Sie Şenli ilə görüşü olub. “Partiyanın gənc nümayəndələrinin yetişdirilməsi” mövzusunda aparılan fikir mübadiləsi zamanı Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verilib, gənclərlə işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, YAP sıralarında təmsil olunan gənclər cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Qarşılıqlı səfərlərin iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın təmin olunması, fikir və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sentyabrın 16-da isə nümayəndə heyəti Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib. Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri, stendlər mövcuddur. Nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov xatirə kitabına təəssüratlarını və ürək sözlərini yazıb.

Nümayəndə heyəti nadir tarixi-memarlıq abidələrindən və maddi mədəniyyət nümunələrindən olan Böyük Çin səddini də ziyarət edib. Məlumat verilib ki, ölkənin şərqindən qərbinə doğru uzanan və hər il milyonlarla turistin ziyarət etdiyi Böyük Çin Səddinin tikintisi 2 min ildən çox müddətdə tamamlanıb. Qeyd olunub ki, heyrətamiz mənzərəyə malik Böyük Çin Səddi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş