Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın bu hərəkətinin adı fürsətçilikdir

ABŞ-ın bu hərəkətinin adı fürsətçilikdir


"Hegemonluq, dünyaya meydan oxumaq, yeni-yeni münaqişə ocaqları yaratmaq və yaxud, köhnə münaqişələri yenidən qızışdırmaq, başqa ölkələrin daxili işlərinə qarışmaq ABŞ-ın ənənəvi siyasətidir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kimin erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hazırda istintaq altında olan senator Bob Menendezin 14 sentyabr 2023-cü il tarixdə Senatda təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan xarakterli bəyanat verməsi və onun Laçın yolunun dərhal açılmasını tələb edərək “Dağlıq Qarabağın xalqı”na qarşı güc tətbiqini qəbul etməyəcəklərini bildirməsi də ABŞ-ın ənənəvi siyasətinin bir tərkib hissəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, halbuki Laçın yolunun Ermənistanla sərhəd hissəsində post qurmaq, sərhəd-buraxılış və gömrük-nəzarət sistemini tətbiq etmək Azərbaycanın daxili işi və suveren hüququdur:

"Lakin çox təəssüf ki, Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqı”nın “hüquqlar”ından danışmaqla və Laçın yolunun dərhal açılmasını tələb etməklə ABŞ-ın başqa ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmadığını göstərdi. Görünən budur ki, Bayden administrasiyası regiondakı mövcud reallıqları yalnız “erməni eynəyi”ndən baxaraq qiymətləndirir və Azərbaycanın Qarabağ iqtisadi bölgəsindəki erməni separatçılarından öz geosiyasi maraqları, Cənubi Qafqazda yerləşmək planları üçün istifadə etmək məqsədini güdür.

Sözün düzü, biz ABŞ-ın yenidən 30 il əvvəlki anti-Azərbaycan, ermənipərəst mövqeyinə qayıdacağını bir o qədər də gözləmirdik. Çünki son vaxtlar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin vasitəçiliyi ilə keçirilən məhsuldar görüşlər bizdə ABŞ-ın axıra qədər xoş məram nümayiş etdirəcəyi ilə bağlı müəyyən ümidlər yaratmışdı. Lakin Yuri Kimin məlum təxribatçı-pozucu bəyanatı ABŞ-ın xoşməramlı siyasət yürüdəcəyinə dair kövrək ümidlərimizin üzərindən xətt çəkdi".

Komitə sədri deyib ki, bu olay eyni zamanda ABŞ-ın özünüinkar siyasəti kimi qiymətləndirilməlidir:

"Dövlət katibinin köməkçisinin öz rəhbərinin vasitəçilik fəaliyyətlərinə tamamilə zidd bəyanatla çıxış etməsi Blinkenin vasitəçilik səylərinin inkar edilməsi deməkdir. Yuri Kim bu bəyanatı ilə bir tərəfdən səlahiyyət həddini aşaraq Blinkenə qarşı çıxıbsa, digər tərəfdən isə İrəvanın yalanlarına uyaraq separatçılığı dəstəkləyib, beynəlxalq hüququ heçə sayaraq “Dağlıq Qarabağ xalqı” kimi absurd ifadələr işlədib və Azərbaycanın daxili işlərinə müdaxilə edib. Əlbəttə, bütün bunlar Yuri Kimin öz ağlının məhsulu deyil.

Bu bəyanatın arxasında əsl həqiqətdə bilavasitə Ağ Evin özü dayanır. Və Kimin ağzıyla səsləndirilən bu fikirlər ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə, birdən-birə Rusiyaya qarşı demarş edən Ermənistanı öz təsir dairəsinə salmaq planlarına xidmət edir. Ona görə də həmişə olduğu kimi ABŞ yenə də sülhə və sabitliyə qarşı çıxaraq Azərbaycan ərazisində separatçılığın, terrorçuluğun körüklənməsinə bilavasitə dəstək verir, regionda disbalans yaradır, təhlükəsizliyi təhdid edir. Başqa sözlə desək, ABŞ öz qlobal geosiyasi maraqlarından ötrü bölgədə separatçılığın havadarı və sponsor qismində çıxış etməyə hazırlaşır. Lakin dünyada “demokratiya carçısı” hesab edilən ABŞ-ın birdən-birə bu cür kəskin mövqe dəyişiminə yol verməsi siyasi uzaqgörənlikdən uzaq hərəkətdir".

Əlisahib Hüseynovun sözlərinə görə, əslində buna geosiyasət də demək mümkün deyil:

"ABŞ-ın bu hərəkətinin adı sadəcə fürsətçilikdir. Adını da qoyublar “realpolitik”. Lakin ABŞ-ın bu cür ifrat realizmi və fürsətçiliyi sonda onun öz maraqlarının əleyhinə çevrilə bilər. ABŞ-ın Ermənistanla birgə təlim keçirməsi və bu ölkəyə hərbi-texniki yardımın göstərilməsi barədə vədlərlə çıxış etməsi Azərbaycan kimi önəmli bir müttəfiqlə münasibətlərinin tamamilə pozulmasına gətirib çıxara bilər ki, bu da ABŞ-ın uzun vədəli hədəflərinə, strateji mənafelərinə ziddir.

Ağ Evin son günlər qatı ermənipərəst mövqedən çıxış etməyə başlaması onsuz da Azərbaycanı öz hədəflərindən daşındıra bilməyəcək. Agdam-Xankəndi yolunun açılması və eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin yük maşınlarının Laçın yolundan keçərək Xankəndiyə üz tutması ilə “humanitar böhran” şousuna son qoyulması da bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörən, qətiyyətli mövqeyi nəticəsində bölgədəki yeni reallıqları Ermənistan və onun havadarları yox, məhz Azərbaycan formalaşdıracaq".

Anar Əliyev
Xəbəri paylaş