Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur


Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin cari ildə qardaş Tacikistana iki dəfə səfər etməsi münasibətlərimizin strateji xarakterini göstərir. Ölkə başçımızın bir neçə gün əvvəl – sentyabrın 14-də Düşənbəyə səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışı bu baxımdan bir sıra mühüm məqamlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında iki ölkə arasındakı tarixi əlaqələr, səmərəli əməkdaşlığın siyasi göstəriciləri, ölkələrimizin yerləşdiyi önəmli coğrafi region, yeni əməkdaşlıq formatı, qarşılıqlı səfərlərin əhəmiyyəti, qarşılıqlı ticarətin və sərmayələrin artımı, birgə sərmayə fondları, nəqliyyat və logistika sahəsində münasibətlər, Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi, Azərbaycanın Xəzərdə 50-dən artıq gəmidən ibarət ticarət donanmasının imkanları, “Rəqəmsal İpək Yolu” layihəsi və digər aktual məsələlər barədə dəyərli fikirlərini bölüşdü.
Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Bu gün dövlət başçımızın uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Təkcə cari ildə ölkələrimiz arasında bir neçə mühüm memorandum imzalanıb.
İki ölkə arasında parlamentlərarası əlaqələr, elm və təhsil sahəsində münasibətlər, qarşılıqlı ticarət də dinamik inkişaf edir. Bütün bu inkişaf tendensiyası ölkələrimizin parlaq gələcəyindən və xalqlarımızın daha firavan günlərindən xəbər verir.

Jalə Əhmədova -Milli Məclisin deputatı
Xəbəri paylaş