İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.
Qeyd edilib ki, etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılıb.
“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir”, - deyə məktubda vurğulanıb.
Mehman Mehdiyev