"Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına siyasi partiyaların dəstək verməsi təqdirəlayiqdir və belə də olmalı idi"
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin qalması, separatçı rejimin və Ermənistanın sülh təkliflərimizə müxtəlif bəhanələrlə yox deməsi bu əməliyyatları vacib edirdi:
"Bu gecə polislərimizi və mülki insanlarımızı hədəfə alam mina terrorları isə səbrimizi daşıran son damla oldu.
Antiterror əməliyyatlarının başlanması həm də bir sosial tələb idi. Gəncindən yaşlısına qədər hər kəs artıq uzun müddətdir ki, bu əməliyyatların başlanmasını istəyirdi. Çünki söhbət Azərbaycanımızın bir parçasından gedir. Təbii olaraq siyasi partiyalarımız da məsələdə yekdil fikrdə idilər və imzalanan son bəyanatla bir daha həm ordumuza, həm Ali Baş komandana dəstəklərini ifadə etmiş oldular".
Politoloq qeyd edib ki, Azərbaycanın siyasi partiyaları Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarına dəstəklərini ifadə edərək növbəti dəfə siyasi və milli birlik nümayiş etdirmiş oldular:
"Lakin təəssüf ki, radikal müxalifət təmsilçiləri olan üç siyasi partiya yenə də öz iç üzlərini nümayiş etdirərək müvafiq bəyanata imza atmaqdan imtina etdilər. Görünən odur ki, AXCP, Musavat və REAL partiyası ölkədə yaranmış siyasi və milli birlikdən narahatdılar. Amma bu gün belə bir bəyanata imza atmaqdan imtina təkcə milli birliyə qarşı addım kimi deyil, həm də ərazilərimizdə separatçı rejimin qalmasında maraqlı olan ayrı-ayrı beynəlxaq qüvvələrə həmrəylik kimi qəbul olunmalıdır*.
Anar Əliyev