"Hər tarixi günün öz mahiyyəti olur. Beynəlxalq Sülh Gününün də öz mahiyyəti var. BMT-nin 30 noyabr 1981-ci il qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilib. Bu qərar bəşərilik üçündü".
Newscenter.az-ın xəbərinə görə,bu fikirləri səsləndirən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, dövlətin əraziləri sərhədlərlə əhatələnir:
"Sərhədlər qorunur, dövlət qorunur, sərhədlərə yad nəfəsi dəymirsə, bu, dövlətin sülh, əmin-amanlıqla yaşaması deməkdir. Bütün dövlətlər belə yaşamır – xarici siyasəti işğala meyilli olan dövlətlər başqa dövlətin torpaqlarına həvəsiyir, sülh istəmir. Neçə on illər əvvəl hələ Sovetlər birliyinin tərkibində olsa da Azərbaycan musiqi dili ilə “Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar!” deyirdi. Bu, azərbaycançılığın bəşəriliyə sayğısı idi. Bu misralar azərbaycançılığın ruhu kimi səslənmişdi. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın xarici siyasəti davamlı olaraq bu niyyətlə səsləşib. İşğalçı Ermənistan nə Azərbaycanın bu niyyətinə məhəl qoyurdu, nə də beynəlxalq təşkilatların qərarlarını yerinə yetirirdi. Azərbaycan Ordusu torpaqları işğaldan döyüşlə azad etdi, Vətən müharibəsində tarixi Zəfər qazanıldı".
Deputat diqqətə çatdırıb ki, Ermənistan Zəfərdən sonra da sülh danışıqlarından yayınır:
"Havadarlarının ümidlərini heç zaman baş tutmayacaq niyyətinə vasitə bilir. Özü də, havadarları da sülh prosesini işğalçılıqla əvəzləməyə cəhd göstərir. Unudurlar ki, tünd sirkə öz qabını çartladır.
Dünya dövlətləri dünyada sülh naminə belə mövqelərə niyə ciddi münasibət bildirmir? – Beynəlxalq sülh günü ərəfəsində belə münasibətlərin olacağına ümid etmək istərdik. Sülh naminə".
Anar Əliyev