"Qarabağ münaqişəsinin bitməsinə baxmayaraq Azərbaycan hələ də erməni terrorizimindən əziyyət çəkir. Ağdam-Xankəndi, Laçın-Xankəndi yolunun eyni zamanda açılması artan gərginlik fonunda müsbət gedişatdır. Proses bizim istədiyimiz kimi cərayan edir. Lakin görünən odur ki, qarşı tərəf hələ də gərginlik yaratmaq, hərbi aktivlik nümayiş etdirməkdə maraqlıdır".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bu gün baş vermiş terror aktının məsuliyyəti qondarma separtçı rejim, rəsmi İrəvan və onların qanunsuz fəaliyyətinə göz yuman Rusiya sülhməramlı kontingentinin üzərindədir:
"Rəsmi İrəvan Rusiya sülhməramlı kontingenti ilə birlikdə 10 Noyabr bəyanatında qeyd olunan maddəyə əsasən separatçı rejim ünsürləri tərk-silah edilsəydi bu hadisələr yaşanmazdı. Hesab edirəm ki, bu tip əməllər ölkəmizi provokasiyaya çəkmək üçün edilir. Xankəndi məsələsi ölkəmizin daxili işidir və ölkəmizin iradəsi əsasında da öz həllini tapacaq".
AVP rəsmisi deyib ki, Ermənistan və onların havadarları bu prosesi beynəlxalq müstəviyə qaldıraraq ictimailəşdirməyə çalışır və Azərbaycan-Ermənistan danışıqlarının qarabağlaşdırılması istənilir:
"Bu isə qəbuledilməzdir, absurddur. Ona görə ölkə rəhbərinin bu istiqamətdə təmkinlə davranmasının ardında çox incə məqamlar var. Tələsmədən, səbr və təmkinlə lehimizə olan gedişatın məntiqi yekunun gözləməliyik".
Anar Əliyev