Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək tədbirləri çərçivəsində daha 2 marketdə daimi satış yerləri yaradılıb.
Newscenter.az xəbər verir ki, “Megastore” və "Bizim market" supermarketlər şəbəkələrində fəaliyyət göstərən satış yerlərində hazırda 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, un, ədviyyat, bal, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.
Bununla da dövlət dəstəyi çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində satışına dəstək üçün yaradılmış daimi satış yerlərinin sayı 8-ə çatıb. Hazırda bu satış yerlərində 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOB-ların məhsullarının iri ticarət şəbəkələrində satışının təşkilinə dəstək məqsədilə satış yerlərinin sayının artırılması istiqamətində ticarət şəbəkələri ilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilir.
İstehsal etdikləri qida məhsullarını "Bravo" (3 daimi satış yeri), "Bolmart" (1 daimi satış yeri), "Bizim market" (2 daimi satış yeri), “Megastore” (1 daimi satış yeri) ticarət şəbəkələrində, qeyri-qida məhsullarını (suvenir, hədiyyə, zərgərlik məhsulları, bijuteriya, oyuncaq və s.) isə "Şərq bazarı" Ticarət Mərkəzində (1 daimi satış yeri) satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi və mövcud satış yerləri barədə ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F
Sona