Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2023-cü il sentyabrın 21-də keçirilən Qarabağla bağlı növbəti müzakirələri də elə əvvəlki toplantı kimi heç bir qərar, qətnamə qəbul edilmədən başa çatdı. Fransa, Almaniya, Malta kimi ölkələrin, Avropa İttifaqı (Aİ) kimi nüfuzlu təşkilatın ermənipərəst mövqe nümayiş etdirməsi nə onlara, nədəki dünya erməniçiliyinə, revanşist Ermənistana və 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində ağ bayraq qaldırmış, təslim olmuş erməni separatçılarına heç bir uğur qazandıra bilmədi.
Onların Azərbaycana qarşı dini və etnik zəmində nifrət mövqeyindən çıxış etməsi 21-ci əsrin çağırışları kontekstində sadəcə və sadəcə rüsvayçılıqdır. Bu gün Azərbaycanın öz ərazisində konstitusion quruluşu bərpa etmək məqsədilə apardığı qanuni antiterror tədbirlərini az qala etnik təmizləmə kimi təqdim etməyə çalışan Fransa və Almaniya ən azından öz keçmişlərinə nəzər salıb utanmalıdırlar. Yəhudilərin kütləvi qətliamına (Holokost) imza atmış Almaniyanın, Əlcəzair xalqını dəhşətli soyqırımına məruz qoymuş Fransanın bu gün Azərbaycanı “blokada”, “humanitar fəlakət”, “etnik təmizləmə cəhdlər” kimi absurd iddialarla ittiham etməsi həqiqətən də gülüş doğurur.
Tarixlərindən irqçilik, faşizm fışqıran bu ölkələr həya edib susmaq əvəzinə, ikiüzlülük edir, erməni separatizmini dəstəkləyir və beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərini pozaraq Azərbaycana qarşı əsl “səlib”çilik nümayiş etdirirlər. Lakin tarixdəki sələfləri kimi bu yeni səlibçilər də ötən gün fiasko ilə üzləşdilər. BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların ümidlərini doğrultmadı. Ermənistan və Azərbaycan arasında normallaşmaya və sülhə hər vasitə ilə maneə olmağa çalışan bu ölkələr bir gün bu davranışlarının məsuliyyətini daşımalı olacaqlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri