"Sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror tədbirləri nəticəsində erməni terrorçuları cəzalandırıldı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir".
Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili vurğulayıb ki, antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətini hər bir azərbaycanlı həyəcanla dinlədi:
"Ölkə başçısı bildirdi ki, antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş ordusunun böyük hissəsi, həmçinin onların hərbi texnikaları məhv edildi və sıradan çıxarıldı.
Cənab Prezident bildirdi ki, Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Bu, bir daha dövlətimizin humanistliyinin bariz göstəricisidir.
Ölkə başçısı bildirdi ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Millət vəkili deyib ki, cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular:
"Təəssüf ki, qarşı tərəf atəşkəsə tam əməl etməyərək atəşkəs elan olunandan sonra da bizim mövqelərimizə atəş açdılar. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar.
Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır".
Jalə Əhmədova qeyd edib ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq:
" Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik.
Ölkə başçısı müraciətində Qarabağda yaşayan sadə insanları onlar üçün yaradılmış yeni tarixi şansı əldən verməməyə çağırdı. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifidir.
Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqazda yeni reallıq və uzunmüddətli sülh yaranacaq. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq üçün birgə çalışacaqlar".
Ruhiyyə Mehdiyeva