Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münasibətlər “qızıl dövrə” daxil ola bilmədi

Münasibətlər “qızıl dövrə” daxil ola bilmədi


Vaşinqtonla yanaşı London da Pekini inandırmağa çalışır ki, Çin müttəfiqi Rusiyaya təsir etsin ki, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırsın. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bir müddət əvvəl Çinə səfəri bununla əlaqəli idi.

Böyük Britanıyanın xarici işlər nazirləri 5 il müddətində Çinə səfər etməmişdilər. Bu səbəbdən Kleverli Pekində başqa mövzulara da toxunmaq məcburiyyətində idi. Səfəri mürəkkəbləşdirən səbəblərdən biri Britaniya parlamentinin Tayvanın “müstəqil dövlət” kimi tərənnüm etdirən hesabat hazırlaması idi. Halbuki, buna qədər Böyük Britaniya parlamenti Tayvanın “müstəqilliyi” barədə rəy bildirmirdi. Britaniyalı deputatlar bu yanaşma ilə nazirlərinin Pekinə səfərini mürəkkəbləşdirdilər. Buna baxmayaraq, Ceyms Kleverlı Pekindəki çıxışlarında diplomatik etiketdən kənara çıxmamağa çalışırdı. O Böyük Britaniya ilə Çin arasındakı fikir ayrılıqlarının mövcudluğunu bildirsə də, bunun iki ölkə arasında işgüzar münasibətlərə təsir etmədiyini vurğuladı. O Çin kimi böyük ölkənin dünyadakı proseslərdən izole edilməsinin yanlış olacağını bildirdi.

Ceyms Kleverlı Böyük Britaniyanın baş naziri Rişi Sunakın Hindistanda keçiriləcək “böyük iyirmilərin” toplantısında Çin lideri Tsi Cinpinlə görüşünün detallarını da müzakirə etməli idi. Ancaq məlumdur ki, Tsi Cinpin Hindistandakı sammitdə iştirak etmədi. Digər tərəfdən Rişi Sunakın Çini sərt tənqidi Pekini Londonla münasibətlərdə narazı salan məqamlardandır. Rişi Sunak “böyük iyirmilər” dövlətlərinin başçıları arasında Tsi Cinpinlə görüşməyən yeganə liderdir.
Aydındır ki, Böyük Britaniyanın Pekinə bir səfəri ilə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq çətindir. Bunu London da etiraf edir. Halbuki, 2015-ci ildə Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron Tsi Cinpinlə badə qaldıraraq iki ölkə arasındakı münasibətlərin “qızıl dövrünə” daxil olduğunu vurğulayırdı. Böyük Britaniyanın o zamankı maliyyə naziri Corc Osborn Böyük Britaniyanı Çinin Qərbdəki ən yaxşı tərəfdaşı adlandırırdı. Ancaq belə olmadı. Çinin artan hərbi gücü, Pekinin uyğurlara olan sərt münasibəti, kiberhücumlar və kəşfiyyat qalmaqalları Londonla Pekin arasındakı münasibətləri gərginləşdirdi. Bunun üzərinə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə Pekinin seyrçi qalmasını da əlavə etsək, Londonla Pekin arasındakı münasibətlərin normallaşması üçün zəminin olmadığı aydınlaşar. Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çini beynəlxalq aləm üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir.

Bu arada, Böyük Britaniya deputatlarından birinin köməkçisinin Çinin xeyrinə casusluqda şübhəli bilinən köməkçisinin həbs edilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. “Times” qəzetində yayımlanan məqalədə, deputat köməkçisinin fəaliyyət sahəsinə xarici siyasət məsələləri, o cümlədən Pekinlə münasibətlər daxil idi. Deputat köməkçisi bir müddət Çində yaşayıb. London polisi məhz həmin dövrdə deputat köməkçisinin Çin kəşfiyyatına cəlb edilməsindən şübhələnir. Deputat köməkçisinin Mühafizəkarlar Partiyasının bir sıra yüksəkvəzifəli üzvləri və bir neçə nazir müavini ilə əlaqələri olub.

“Atlas” Araşdırmalar Mərkəzi
Xəbəri paylaş