“Torpaqlarımızın işğaldan azad olunmasına, tarixi zəfərimizə yol açan 44 günlük Vətən müharibəsinin başlamasından 3 il keçir. Məhz 3 il əvvəl bu günlərdə işğalçı Ermənistan cəbhə boyu çoxlu sayda hərbi texnika və canlı qüvvə toplayaraq yeni ərazilər ələ keçirmək üçün hücuma hazırlaşırdı. Baxmayaraq ki, Azərbaycan rəhbərliyi Ermənistanın yeni işğalçılıq planları barədə dünya ictimaiyyəti, beynəlxalq təşkilatları dünyanın bir nömrəli siyasi təsisatı sayılan BMT tribunasından məlumatlandırmışdı, lakin buna rəğmən beynəlxalq aləm bölgədə yeni bir müharibənin baş verməsinin qarşısını almaqda maraqlı deyildi və təcavüzkarın cəzalandırılması istiqamətində heç bir addım atılmırdı. Cəzasızlıq mühiti isə Ermənistanı daha da aqressivləşdirirdi. Elə 2020-ci il, sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hücumu da məhz bu cəzasızlıq sindromundan irəli gəlirdi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov İkinci Qarabağ müharibəsinin üç illiyi ərəfəsində sözügedən müharibəni doğuran səbəblərdən danışarkən səsləndirib. Millət vəkili deyib ki, sentyabrın 27-də düşmən tərəfinin yeni ərazilər zəbt etmək üçün başladığı hücuma cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin verdiyi cavab və həyata keçirilən əkshücum əməliyyatı qısa müddətdə Ermənistan ordusunun sıralarını pozdu, onu məğlubiyyətə sürüklədi:
“Ali Baş Komandanın rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusu tarixi zəfərə imza ataraq 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşmən tapdağından qurtardı, beynəlxalq hüququ, ədaləti bərpa etmiş oldu. Azərbaycan Ordusu başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla 30 ildir ki, icrası kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirdi”.
İqbal Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsi təkcə Azərbaycanın tarixi zəfəri ilə yadda qalmadı, eyni zamanda dünya hərb tarixinə bir yenilik gətirdi, Azərbaycan modeli nümayiş etdirdi:
“Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra dünyanın inkişaf etmiş ölkələri Azərbaycanın döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar”.
Millət vəkili deyib ki, İkinci Qarabağ müharibəsi həm də bu günlər antiterror tədbirləri ilə azad etdiyimiz tarixi torpaqlarımıza gedən yolun başlanğıcı, o yola salınan mayak idi:
“Fürsətdən istifadə edərək bir daha başda Ali Baş Komandan olmaqla müzəffər Azərbaycan Ordusunu, xalqımızı 3 il əvvəl əldə etdiyimiz tarixi qələbə münasibətilə təbrik edir, şəhidlərimizin ruhuna rəhmət, qazilərə isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirəm”.
Anar Əliyev