Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda keçirilən tədbirlərdə Azərbaycan nümayəndələri də iştirak edib

Özbəkistanda keçirilən tədbirlərdə Azərbaycan nümayəndələri də iştirak edib


Özbəkistanın Mədəniyyət Nazirliyi, Fərqanə vilayət hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə bu ölkənin Kokand şəhərində II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı, Riştan şəhərində isə Beynəlxalq Dulusçuluq Forumu keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirlərdə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, bu sahənin mütəxəssisləri, saxsı sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri iştirak edib.

Ölkəmizi bu tədbirlərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Kokand şəhərindəki qədim Abdullaxan malikanəsinin qarşısındakı mərkəzi parkda təşkil olunan sərgidə hər ölkənin ayrıca guşəsi təşkil edilib, burada iştirakçıların əl işləri nümayiş olunub, ölkələrin bu sahədəki fəaliyyəti haqqında qonaqlara məlumat verilib.

Azərbaycana ayrılmış stenddə dəri rəssamları, miniatür və qurama ustaları Pərvanə və Lalə Eyyubovalar, ağac üzərində oyma üzrə sənətkarlar-Ələkbər Məmmədov və Tofiq Əliyev qatılıb və onlar öz əl işlərini nümayiş etdiriblər.
Guşədə Azərbaycan Mədəniyyət Mərkəzinin kitab və suvenirlərdən ibarət sərgisi də göstərilib. Stenddə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən buraxılan kitablar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablarla da nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Sosial İnkişaf Departamentinin rəhbəri Odil Abdurahmanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub. O qeyd edib ki, son illər Özbəkistanda 100-dən çox festival və forum keçirilib, II İkinci Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı isə incəsənətin, dostluğun və istedadın inkişafına xidmət edir.

Dünya sənətkarlar Şurasının prezidenti Səad Əl-Qəddumi, Fərqanə vilayətinin hakimi Hayrullo Bazarov festivalın xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynadığını vurğuladılar.

Festivalın ikinci günü Böyük İpək Yolunun üzərində olan qədim Riştan şəhərində dünyada tanınan məşhur dulusçu Əlişir Nəzirovun böyük emalatxanasında keçirilən sərgi və “XXI əsrdə dulusçuluq sənəti: ənənə və müasirlik” adlı konfransda da Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Həm Kokand, həm də Riştan şəhərlərində keçirilən sərgilərdə Azərbaycandan gələn sənətkarların əl işlərinə böyük maraq olub.

Konfransda bildirilib ki, Riştan şəhəri bütün dünyada dulusçuluq və saxsı sənətkarlığı mərkəzi kimi tanınıb. Riştanda bu sahənin tanınmış ustaları İbrahimcan Kamilov, Babacan Nişanov, Hakimcan Səttarov, Rustamcan Usmanov, Əlişir Nəzirov, Şərafəddin Yusubov, Taxircan Xaydarov və digərləriinin əl işləri bütün dünyaya yayılıb. Riştan ustaları Amerika Birləşmiş Ştatları, İran, Misir, Böyük Britaniya, Fransa, Polşa, İsveçrə, İraq və digər dövlətlərdə keçirilən beynəlxalq sərgilərdə bu qədim şəhərə diplom və medallarla qayıdıblar.

Qeyd edilib ki, Özbəkistanda Fərqanədən başqa Səmərqənd və Xarəzm dulusçuluq məktəbləri də fəaliyyət göstərir və bunlarını hər birinin özünəməxsus üslubu və istiqaməti var. Bu məktəblərdə yüzlərlə gənc şagird-ustalar bu sənətin incəliklərini öyrənirlər. Festival çərçivəsində yerli və xarici dulusçuların, dizaynerlərin, kulinarların, kukla ustalarının iştirakı ilə usta dərsləri də keçirilib.

Xarici və yerli ustalar, dizaynerlər və iqtisadçıların iştirakı ilə “Dulusçuluq və bazar iqtisadiyyatı” adlı dəyirmi masa da keçirilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş