İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Regional Rəqabət Mərkəzinin (RCC) birgə təşkilatçılığı ilə Rəqabət prinsipləri və rəqabət qaydalarının təşviqi" mövzusunda seminar keçirilib.
Newscenter.az xəbər verir ki, Dövlət Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində təşkil olunan tədbirə Hollandiya, İtaliya, İspaniya, Albaniya, Şimali Makedoniya, Moldova, Monteneqro, Rumıniya, Bosniya və Herseqovina, Macarıstan, Serbiya, Xorvatiya, Bolqarıstan, Polşa, Litva, Gürcüstan, Qazaxıstan və Qırğızıstanın rəqabət qurumlarının nümayəndələri qatılıb.
Seminar çərçivəsində iştirakçılara ölkəmizdə rəqabətin qorunması sahəsində mövcud vəziyyət, Dövlət Xidməti tərəfindən bu istiqamətdə icra olunan və planlaşdırılan tədbirlər barədə məlumat verilib. Antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə, Rəqabət Məcəlləsi layihəsinə xüsusi diqqət ayrılıb. Bildirilib ki, bu tədbirlər nəticəsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsasları müəyyənləşəcək, istehlakçıların rifahı və hüquqlarının müdafiəsi, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına nail olunacaq.
Üç gün davam edən tədbir zamanı rəqabət sahəsində tənzimləmə prinsipləri, İtaliya modeli üzrə ənənəvi və rəqəmsal bazarlarda rəqabətin qiymətləndirilməsi istiqamətində müzakirələr həyata keçirilib. Həmçinin təşviqat strategiyalarının icra üsulları və bazar institutlarının gücləndirilməsi, qanunda rəqabət maneələrinin müəyyən olunması və onlarla mübarizə yolları ətrafında fikir mübadiləsi aparılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
Beynəlxalq tədbirin keçirilməsində məqsəd müxtəlif ölkələrlə rəqabət sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək və mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.
Məlumat üçün bildirək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabət sahəsi üzrə OECD və RCC ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Dövlət Xidməti nümayəndələrinin il ərzində müxtəlif ölkələrdə keçirilən seminar və təlimlərdə iştirakı təmin edilir.
Natiq Orucov