44 günlük Vətən müharibəsində olduğu kimi bu günlərdə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da Azərbaycan xalqı, ölkənin əksər siyasi elitası, vətəndaş cəmiyyəti Ali Baş Komandan ətrafında sıx birləşərək milli birlik, həmrəylik nümayiş etdirdi. Qələbəmizi şərtləndirən əsas amillər sırasında məhz bu amil də nəzərə alınmalıdır. Elə Yeni Azərbaycan Partiyasının üzvü Xəyal Məmmədəliyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya Qarabağın millətimizin milli ləyaqət rəmzi olduğunu sübut etdi:
"30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü".
Xəyal Məmmədəliyev qeyd edib ki, Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi:
"2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. Bu döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. İşğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2020-ci ilin iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də zəfərimizə təkan verdi".
Anar Əliyev