Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz Qarabağdakı mülki ermənilərin seçiminə hörmətlə yanaşırıq

Biz Qarabağdakı mülki ermənilərin seçiminə hörmətlə yanaşırıq


"19-20 sentyabrda həyata keçirilən sürətli antiterror tədbirlərinin uğurla yekunlaşmasından sonra Azərbaycanın Qarabağ iqtisadi bölgəsində yeni demoqrafik reallıqlar müşahidə olunmaqdadır. Belə ki, Ağdərə, Xocalı, Xankəndi və sair məntəqələrin erməniəsilli sakinlərinin bir çoxu həmin əraziləri könüllü tərk etməyə başlayıblar. Və bu köç get-gedə kütləvi xarakter almaqdadır. Mediada və sosial şəbəkələrdə yayılan foto-videogörüntülərdə Xankəndi-Laçın-Gorus yolunda hətta köç karvanlarının yaratdığı tıxaclar da diqqəti cəlb edir. Bunu ilahi ədalətin təntənəsi kimi də qəbul etmək olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, heç bir zülm yerdə qalmır:

"30 il əvvəl biz azərbaycanlıların (o cümlədən, şəxsən mənim ailəmin) öz doğma yurd-yuvalarından məcburi köçkün düşməsinə, qovulmasına səbəb olan işğalçı ermənilər indi özləri də köç həyatını yaşamaq və yurdlarımızı özümüzə qaytarmaq məcburiyyətində qalırlar. Uca Yaradanın sonsuz ədalətinə min şükür! Biz məcburi köçkünlər bu tarixi günləri böyük səbrsizliklə gözləmişik. Lakin biz ermənilərin tayı deyilik. Bizim onlar kimi vandallıq etmək vərdişimiz yoxdur".

Komitə sədri deyib ki, biz Qarabağın erməni sakinlərinə qarşı barbarlıq etməyə hazırlaşmırıq:

"Biz onların 30-32 il öncə bizə qarşı etdikləri pisliklərə, vəhşiliklərə eyni tərzdə qarşılıq verməyi düşünmürük. Biz onlara “haydı, torpaqlarımızdan rədd olub gedin” demirik. Biz heç kimi zorakı üsullarla Qarabağdan çıxarmırıq, deport etmirik. Az öncə də qeyd etdiyim kimi biz hayların tayı deyilik. Onlar özləri küyə düşüblər. Kütləvi panikanın, xofun təsiri altına düşərək şər yuvası olan Ermənistan adlı “tarixi vətən”lərinə köçməyə qərar verirlər. Eybi yox, köçürlərsə, qoy köçsünlər. Bu onların öz seçimidir. Biz isə humanist dövlət, tolerant xalq xüsusiyyətlərimizə sadiq qalaraq ermənilərlə birgəyaşayışın mümkünlüyünü hər fürsətdə bəyan etməyə davam edirik".

Əlisahib Hüseynov daha sonra bunları qeyd edib:

"Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində qeyd etdi ki, kim istəyir Azərbaycan bayrağı altında daha yaxşı yaşaya bilər. Cənab Prezident sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında da bir daha qəti zəmanət verdi ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi uğurla gedəcək və ermənilərin bütün hüquqları təmin ediləcək. Bəli, Azərbaycan hökuməti lazım olan hər şeyi, o cümlədən elektrik enerjisini, ərzağı, istiliyi, dərmanı təmin etməyə hazırdır. Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda və Xocalıda keçirilən görüşlərdə də bizim dinc yolla reinteqrasiyanı həyata keçirməyə, həmçinin ermənilərinin hüquqlarını təmin etməyə hazır olmağımızla bağlı mövqeyimizi qarşı tərəfə izah etmək üçün hər şeyi etmişik.
Bütün bunlardan sonra hansısa ermənilər yenə Ermənistana köçməyə israr edirsə, biz onların seçiminə hörmətlə yanaşırıq. Azərbaycan dövlətinin əlaqədar strukturları onların təhlükəsiz köçünü də təmin edir. Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedə bilirlər. Köçən şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistan tərəfə maneəsiz keçidi tam təmin olunur. Belə ki, Ermənistan istiqamətində hərəkət edən əksər ermənilər Azərbaycan hərbçiləri, Azərbaycan polisləri və sərhədçiləri tərəfindən heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, tam könüllü şəkildə Qarabağdan getdiklərini bildirirlər. Bunu təsdiqləyən videogörüntüləri də yəqin ki, hamı izləyib.

Bir sözlə, biz dövlət və xalq olaraq Qarabağdakı mülki ermənilərdə onların təhlükəsiz gələcəyi və lazım olan hər şeylə təmin olunacaqları ilə bağlı inam yaratmaq üçün əlimizdən gələn hər şeyi etmişik və edəcəyik. Lakin erməniləri Qarabağı tərk etməyə təhrik edən qüvvələrin boş oturmadıqlarını da mütləq nəzərə almalıyıq. Mülki erməniləri həm separatçılıqdan və revanşizmdən əl çəkmək istəməyən radikal erməni qruplaşmaları, həm də kənar güclər Ermənistana köçməyə təhrik edirlər. Bu da onların məkrli niyyətlərindən xəbər verir. Biz Qarabağdakı mülki erməniləri həm birincilərin, həm də ikincilərin məkrli niyyətlərindən, təxribatçı planlarından qorumalıyıq".

Anar Əliyev
Xəbəri paylaş