Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün regional və qlobal güclərə Azərbaycan-Türkiyə birliyinin verəcəyi ən böyük mesaj

Bütün regional və qlobal güclərə Azərbaycan-Türkiyə birliyinin verəcəyi ən böyük mesaj


"Azərbaycan antiterror tədbirlərindən sonra bütün Qarabağda suveren hüquqlarını tədricən bərqərar edir. Bu tədbirlər bundan sonra baş verə biləcək bütün müsbət proseslərin önünü açmaqla yanaşı, həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün geniş imkanlar açır. Məhz belə bir mərhələdə cənab Ərdoğanın Naxçıvana səfəri təbii ki, özü-özlüyündə mühüm bir addımdır".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Naxçıvan görüşündə regional və qlobal problemlərlə yanaşı, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparıldı və liderlərin bəynatlarında verilmiş mesajlar da bu mənada olduqca önəmli oldu:

"Cənab Ərdoğanın “son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik” bəyanatı Ermənistanla yanaşı hələ də gərginlikdən faydalanmaq istəyən və regionda öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd edən qüvvələrə də verilmiş çox mühüm mesaj oldu".

Yusif Bağırzadə deyib ki, iki prezidentin Naxçıvanda modernləşdirilmiş yeni hərbi kompleksin açılışında iştirakı, eləcə də İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimin keçirilməsi də bütün regional və qlobal güclərə qardaşlığın, Azərbaycan-Türkiyə birliyinin verəcəyi ən böyük mesaj oldu:

"Görüşün məhz Naxçıvanda baş tutmasının özü də səbəbsiz deyil. Naxçıvan Türkiyənin Türk dünyasına açılan qapısıdır. Bunun Türkiyə Prezidenti Ərdoğan da qeyd etdi və bildirdi ki, Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda olmaqdan böyük məmnunluq duyur".

Politoloqun sözlərinə görə, səfərin ən mühüm mesajlarından biri də şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlı idi:

"Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, Ermənistanın bununla bağlı konkret öhdəliyi var və onlar bu öhdəliyi yerinə yetirəlidirlər. Elə Türkiyə Prezidenti də bu məqama toxunaraq Naxçıvanın iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malik olduğunu, regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağını deməsi də, hədəfə Zəngəzur dəhlizinin olduğunu deməyə əsas verir".

Anar Əliyev
Xəbəri paylaş