Ermənistan müxalifəti oktyabrın 5-nə qədər baş nazir Nikol Paşinyanı istefaya göndərməyi qarşıya məqsəd qoyub. Bunun üçün müxalifət bütün xalqı meydana dəvət edib. Bəs görəsən Ermənistan müxalifəti qarşısına qoyduğu hədəfə çata biləcəkmi?
Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Kənan Novruzov bunu mümkünsüz hesab edir. Onun sözlərinə görə, hər şeydən əvvəl aksiya iştirakçılarının sayı lazımi qədər deyil:
"Kütləvi həbslər nəticəsində onların sayı daha da azalır. İkincisi, Qərb Paşinyanı qoruyur. Bir çox ekspertin iddia etdiyindən fərqli olaraq, hətta Rusiya da Ermənistandakı ehtimal edilən çevrilişi istəmir. Düzdür, Rusiya Paşinyanı cəzalandırır. Bu, aydındır. Amma ehtimal edilən hakimiyyət dəyişikliyi Moskvaya sərf etməyə də bilər. Çünki Rusiyanın proseslərə nəzarətini təmin edən və regiondakı mövcudluğunu əhəmiyyətli dərəcədə artıran üçtərəfli bəyannamə məhz Paşinyanla imzalanıb. Onun yerinə gələn siyasətçi bu sənəddən imtina edə bilər".
Kənan Novruzov onu da deyib ki, xalq Paşinyanın alternativini görmür:
"Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan artıq "işlənmiş kartdırlar". Necə deyərlər, onlardan kiməsə xeyir gəlməz. Əslində bu gün baş verənlərin günahkarı məhz Köçəryan və Sarkisyandır. Ermənistan ictimaiyyətinin xeyli hissəsi bunu başa düşür".
Ekspert deyir ki, Paşinyan ictimai rəylə işləməyi bilən siyasətçidir:
"O, manipulyasiyanı yaxşı bacarır. Təsadüfi deyil ki, baş nazirin kifayət qədər tərəfdarı var. Paşinyan hakimiyyətə küçədən gəlib. Küçələri yaxşı tanıyır, belə mitinqlərə bələddir. Ona görə də qorxmur. Üstəgəl, əvvəllər də hakimiyyət əleyhinə etirazlar olub. Amma hamısı uğursuzluqla nəticələnib".
Anar Əliyev