Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur


"Bu gün Azərbaycan tarixinə şərəfli və qürurverici bir gün kimi daxil olmuş 27 sentyabr - Vətən müharibəsinin başlamasının ildönümüdür. Bu müharibə zamanı uzun illərdən bəri bizi narahat edən, Haqq və Şərəf işimiz olan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşməni məğlub etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. O bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına və qazilərimizə ali ehtiram nümunəsidir:

"Vətən müharibəsi nəticəsində Ermənistan layiqli cəzasını aldı və onun illərdən bəri davam edən işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir".

Deputat qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi:

"Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldular və yaralandılar. Bütün bunlar lokal xarakterli antiterror tədbirlərinin görülməsini labüd etdi.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında local xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu".

Jalə Əhmədova diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsidir:

"Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını bir daha göstərdi.

Bu gün Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri davam edir. Ötən qısa müddət ərzində infrastrukturun yaradılması, yolların çəkilməsi, “yaşıl enerji”, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası istiqamətində və digər sahələrdə çox böyük işlər görülüb, vətəndaşlarımızın 30 illik ayrılıqdan sonra öz doğma yurd-yuvalarına qayıtması prosesinə başlanıb. İnanırıq ki, tezliklə işğaldan azad olunmuş ərazilərimizdə həyat əvvəlki axarına geri dönəcək, insanlar bundan sonra sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar".

Ruhiyyə
Xəbəri paylaş