Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir Məcnun Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişaf tempini qoruyub saxlayır. Nazir Məcnun Məmmədov bu il qeyd edilən kənd təsərrüfatı işçilərinin peşə bayramının üç əlamətdar tarixə təsadüf etdiyini vurğulayıb: “Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlamasının 20 ili tamam olub. Eyni zamanda, biz müstəqillik tariximizdə ilk dəfə olaraq peşə bayramımızı suverenliyi bərqərar olmuş ölkənin vətəndaşları, fermerləri kimi qeyd edirik”.
Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi uğurlar əldə edilib, hazırda kənd təsərrüfatında müsbət inkişaf dinamikası davam edir. Ölkədə aqrar məhsulların istehsalı və ixracı ildən-ilə artır, kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında aparıcı sahəyə çevrilir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yerə sahib olub. Kənd təsərrüfatının intensiv inkişafının müasir texnologiyaların tətbiqindən birbaşa asılı olduğunu deyən komitə sədri əlavə edib ki, dövlət tərəfindən bu istiqamətdə hərtərəfli dəstək tədbirləri ilə aqrar sahənin inkişafında yeni dönüş mərhələsi başlayıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı xidmətdə fərqləndiyinə görə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Tədbirdə çıxış edən Nazirlik əməkdaşları və fermerlər göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nərgiz Əzizova