Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarda qan donorluğunun təbliğinə ehtiyac var

Regionlarda qan donorluğunun təbliğinə ehtiyac var


"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qan xəstəlikləri barədə maarifləndirmə və qan donorluğunun təbliği” adlı layihə yekunlaşıb.

Təşkilatın sədr müavini Emin Nəbili Newscenter.az-a bildirib ki, layihənin icrası iki ay ərzində 3 rayonda həyata keçirilib:

“Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq şöbəsinin həkimi Nailə Babayevanın iştirakı ilə Oğuz, Qəbələ və Biləsuvar rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Bundan əlavə mətbuatda qan xəstəlikləri və qan donorluğunun təbliği ilə bağlı 6 yazı dərc olunub. Keçirilən tədbirlərdə 130-dan çox nəfər iştirak edib. Nailə Babayeva qan xəstəliklərinin yayılma səbəbləri, müalicə və müayinəsi barədə məlumat verib, qan donorluğunun əhəmiyyəti barədə çıxış edib, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb”.

E.Nəbili onu da vurğuladı ki, regionlarda qan donorluğu barədə məlumat azlığı var:

“Son 5 il ərzində həyata keçiridiyimiz layihələr zamanı araşdırmışıq ki, xüsusən rayonlarda qan donorluğunun təbliğinə ehtiyac var. Belə ki, 20-yə yaxın rayonda 500-dən çox nəfər arasında aparılan şifahi sorğuda əksəriyyətin qan donoru olmadığı, qan vermə aksiyalarında iştirak etmədiyi məlum olub. Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən mütəmadi olaraq qan vermə aksiyaları keçirilir. Mərkəzi Qan Bankının regional bölmələri də aktiv fəaliyyət göstərir. Lakin region sakinlərində qan donorluğunun əhəmiyyəti barədə kifayət qədər məlumat yoxdur”.

Layihə rəhbəri qeyd etdi ki, regionlarda qan xəstəlikləri, qan donorluğu və qohum evliliklər barədə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinə ehtiyac var.

Qeyd edək ki, rayonlarda keçirilən tədbirlərə Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsi təşkilatı dəstək verib.

Nərgiz Əzizova
Xəbəri paylaş