Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Arşın mal alan” operettası yenidən Özbəkistan səhnəsində maraq və sevgi ilə qarşılanıb

“Arşın mal alan” operettası yenidən Özbəkistan səhnəsində maraq və sevgi ilə qarşılanıb


Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə böyük Azərbaycan bəstəkarı, milli musiqi sənətinin əsasçısı, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin məşhur “Arşın mal alan” operettasını İnstitutun Teatr binasında özbək dilində səhnəyə qoymuşdur.

Newscenter.az xəbər verir ki, Şərq ruhunda həyat tərzini parlaq şəkildə əks etdirən bu musiqili komediyasını Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Musiqi-teatr aktyorluğu kafedrasının rəhbəri, dosent Şerzod Məhəmmədiyev tərəfindən səhnələşdirilib və tamaşanı İnstitutun nəzdində xüsusi orkestr müşayiət edib.

Şərq musiqisinə, xüsusən Azərbaycanın milli və klassik musiqi mədəniyyətinə böyük məhəbbət bəsləyən, öz rəngarəngliyi və zənginliyi ilə seçilən özbək tamaşaçıları dünyaca məşhur “Arşın mal alan” operettasını böyük maraqla qarşılayıblar.

Tədbirin sonunda çıxış edən Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutun rektoru Eldor Şermanov dünya şöhrətli Azərbaycan bəstəkarının əsəri olan “Arşın mal alan” operettası haqqında danışaraq, onun Özbəkistanda çox sevildiyini və daim maraqlı qarşılandığını qeyd edib. O, vurğulayıb ki, “Arşın mal alan” əsəri dünyanın 75-dən çox dilinə tərcümə olunmuş, 76 ölkənin 187 teatrında tamaşaya qoyulmuşdur. Rektor Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət beşiyi Şuşanı təmsil etdiyini və bu şəhərin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olduğunu vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məsləhətçisi Yusif Məmmədov öz çıxışında, “Arşın mal alan” operettası üzərində xüsusi həvəslə çalışan aktyorlarının yüksək ifaçılıq səviyyəsini qeyd edərək, İnstitut rəhbərliyinə, habelə tamaşa rejissoruna öz təşəkkürünü bildirib. Y.Məmmədov qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan səhnələrində artıq bir çox Azərbaycan tamaşaları nümayiş olunub və bu istiqamətdə işlər davam etdirilir. Natiq tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanan “Arşın mal alan” əsərindəki süjetləri özlərinə doğma və yaxın kimi qəbul edilməsi xalqlarımızın bir-birinə yaxınlığının bir daha sübutu olduğunu söyləyib.

Y.Məmmədov operettanın yaranması və səhnəyə qoyulmasından yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq, ona tamaşaçı marağı və rəğbətinin zaman keçdikcə artmasını qeyd edib və buna səbəbin süjetin əsasının xalq həyatından alınmış epizodlara söykənməsi olduğunu bildirib.

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri tərəfindən səhnələşdirilən “Arşın mal alan” operettası tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş