Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İntensiv yeni şaftalı, nektarin və ərik bağlarının salınmasına görə əkin subsidiyası ödəniləcək

İntensiv yeni şaftalı, nektarin və ərik bağlarının salınmasına görə əkin subsidiyası ödəniləcək


Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracının artması dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Bunun təmin edilməsində kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Belə ki, 2022-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının ixrac dəyəri 1.14 milyard ABŞ dolları təşkil etmişdir. Bunun da 39.3 faizini meyvə ixracı təşkil edib.

Son illərdə intensiv meyvə bağlarının salınması üçün əkin subsidiyasının artırılması, habelə bu bağların becərilməsi üçün kənd təsərrüfatı texnika və avadanlıqlarına tətbiq edilən güzəştlər ölkədə meyvə istehsalının və ixracının artmasına səbəb olub.

Newscenter.az xəbər verir ki, ölkənin ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ildə Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4000 (dörd min) manat əkin subsidiyası veriləcək. Bu meyvə bağlarının salınması üçün əkin subsidiyasının ayrılmasında əsas hədəf Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarının iqlim uyğunluğundan istifadə edərək şaftalı, nektarin və ərik meyvələrinin tezyetişən sortlarının istehsalını genişləndirməklə Azərbaycan məhsullarının xarici bazardakı payını daha da artırmaqdır.

Fermerlər intensiv şaftalı, nektarin və ərik bağlarına görə 2024-cü il üzrə qeyd edilən əkin subsidiyasını almaq üçün bəyan edilən bağlar aşağıda qeyd olunan şərtləri ödəməlidir:

• Aqrar Subsidiya Şurasının qərarına əsasən subsidiya Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan intensiv şaftalı, nektarin və ərik bağlarına şamil edilir;
• Hər hektardan ən azı 2 nöqtədə 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) torpaq nümunələri götürülərək torpağın aqrokimyəvi analizi aparılmalıdır (nümunə götürülən nöqtələrin koordinatları qeyd edilməklə);
• Götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olmalıdır;
• Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilməlidir və cəmi sahəsi ən azı 3 hektar olmalıdır;
• 1 hektara minimum 650 vegetativ calaqaltı ting əkilməlidir;
• Ağacların gələcəkdə torpaqdan qaynaqlanan risklərdən (qrunt suyu və s.) qorunması məqsədilə tinglər tirədə (tinglər əkiləcək cərgələrin torpaq səthindən qrunt suyunun səviyyəsi nəzərə alınmaqla torpaq qatı ilə qaldırılması) əkilməlidir;
• Əkilən tinglər bitki sağlamlığı cəhətdən müəyyən edilmiş tələblərə cavab verməlidir.
• Salınan bağ “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmalıdır.
Bağ salmaq istəyən fermerlər tezyetişən sortlar barədə məlumat almaq üçün Nazirliyə müraciət edə bilərlər.

Natiq Orucov
Xəbəri paylaş