"Ermənistan Rusiyanın nüfuz dairəsində olan ölkələrdəndir. Doğrudur, Ermənistanın baş naziri Nikol Pasinyanın siyasi xəttinə nəzər salsaq, o bu cizgilərdən kənara çıxmaq istəkləri içində olub və çalışıb ki, Rusiyadan az itkilərlə uzaqlaşsın. Amma, bunun nə qədər çox çətin bir proses olduğunu da, o bilməmiş deyil. Bütün bunlara baxmayaraq ABŞ -da və Qərb ölkələrində fəaliyyət göstərən sistemli şəkildə erməni lobbiçılik fəaliyyəti mövcuddur və onlar Ermənistanın demokratikləşməsi üçün Qərbin siyasi institutları və müəyyən siyasi təşkilatlar vasitəsilə bu məsələlərdə Ermənistana hərtərəfli olaraq yardım etmələrini istəyirlər. Bunun nə dərəcədə özünü doğruldacağına cavab vermək hələ çətindir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Ermənistanda müşahidə edilən Qərbə meyillilik siyasətindən danışarkən səsləndirib. O bildrib ki, bu addımlar Ermənistanı Qərbə az da olsa yaxınlaşdırır və ilk dəfə olaraq Ermənistan öz tarixində Rusiyaya yox deyir:
"Bu özü özlüyündə bütün dönəmlərdə Rusiyanın vassalı kimi tanınan kiçik Ermənistan üçün müsbət nəticə hesab oluna bilər. Amma Qərb, heç bir halda Ermənistan üçün Rusiya ilə konfliktə girməz və bu səbəbdən Ermənistan bu siyasəti davam etdirərsə, daha çox itirəcəyini də bilməlidir".
Ekspert deyib ki, Qarabağ məsələsində və Azərbaycana qarşı iddialarının demək olar ki, bütün maddələrini uduzan Ermənistanı Rusiya heç bir halda əldən verməz və Pasinyan hakimiyyətini də cəzasız qoymayacağı, Rusiya siyasətini araşdıranlar daha yaxşı anlayırlar:
"Rusya, özünə qarşı xəyanəti bağışlamır. Hazırda baş verənlərin Ermənistan hakimiyyətini dilemma qarşısında qoyduğu açıq görülməkdədir. Bu səbəbdən Paşinyan hakimiyyəti, Qərbin şirin vədləri nəticəsində öz siyasi kursunu dəyişərək ölkəsinə və hakimiyyətinə qarşı olan təhlükələri dəf etmək üçün müəyyən addımlar atmaq məcburiyyətindədir. Bu səbəbdən Ermənistan hakimiyyəti susqunluğu indiki məqamda özunə daha məqbul gorür".
Anar Əliyev