Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Təbiəti qoruyanlar” layihəsinə start verilir

“Təbiəti qoruyanlar” layihəsinə start verilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsinə start verilir.

Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihə çərçivəsində məktəb həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulur.

Həmçinin “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanacaq, Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı tədbirlər, ekoloji kurslar və ekoloji konfranslar təşkil olunacaq, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçiriləcək.

Bundan əlavə, ekoloji guşələrin, “Məktəbli bostanı”nın və “Yaşıl sinif”lərin yaradılması da planlaşdırılır.

Eyni zamanda sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə ekskursiya və tədbirlər, sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici görüşlər, açıq havada dərslərin təşkili, o cümlədən müvafiq istiqamətdə şagird layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihədə ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edə bilərlər.

R.Mehdiyeva
Xəbəri paylaş