“Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu gün böyük əminliklə qeyd edirik ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Bu mühüm məqam Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin aydın məzərəsini yaradır. Belə ki, 2009 cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə bağlı Türk Şurasının Zirvə görüşünün keçirilməsi qlobal problemin həllində səylərimizin daha da birləşdirilməsinə böyük töhfə oldu. 44 günlük İkinci Qarabağ müharibəsi türk dünyasının birliyini daha da möhkəmləndirdi.”
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev təşkilatın gələcəyinə böyük inamını ifadə etmişdir. Tariximiz, mədəniyyətimiz, ənənələrimiz, adət-ənənələrimiz bu birliyi diktə edir. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir çağırışı səsləndirmişdir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Malik Həsənov noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün türkdilli dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rolundan danışıb: “Dövlət başçısı İlham Əliyev quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək bu statistik rəqəmi açıqladı ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqenin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir. Cənab İlham Əliyevin Qazaxıstana səfəri son iki ildə sayca üçüncü səfəridir.”
Millət vəkili Yubiley Zirvə görüşünün mövzusunun özündə bütün məqamları, gələcəyimizlə bağlı çağırışları ehtiva etdiyini diqqətə çatdırıb: “Cənab İlham Əliyev tədbirdəki çıxışında bu məqamı təəssüf hisi ilə vurğuladı ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə vəziyyətdə ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Bunun üçün üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.”
“Hər bir Zirvə görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır” söyləyən Malik Həsənov bildirib ki, keçilən yol Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı böyük əminliyin ifadə edilməsinə əsas verir: “Qurum təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasət həyata keçirir. Cənab İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir çağırışı səsləndirmişdir ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.”
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, dünyada cərəyan edən proseslərin fonunda türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq, böyük bir ailə olan türk dünyasının birliyini möhkəmləndirəcək.
Anar TAGİYEV