Cari ilin ötən doqquz ayında sahibkarlar KOB evlərinə daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük və digər xidmətlər üçün müraciət ediblər.
Newscenter.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 224 mindən çoxu “Bakı KOB evi”nin, 44 mindən çoxu “Yevlax KOB evi”nin, 17 minə yaxını isə “Xaçmaz KOB evi”nin payına düşür.
Xidmətlərin 271 mindən çoxu dövlət qurumları (“G2B”), 14 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.
Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Qeyd edək ki, KOB evlərində sahibkarlara vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətləri göstərilir. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara dövlət və özəl qurum tərəfindən 300-dən çox “G2B” və 100-ə yaxın “B2B” xidmətlər təqdim edilir.
Sona