Bu gün Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır. Bu əziz gün münasibətilə bütün TV və radio işçilərini səmimi-qəlbdən təbrik edirəm. 94 il əvvəl – 1926-cı ilin noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün efirdən ilk dəfə «Danışır Bakı!» səsləndirildi və radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asmaq mümkün oldu.
1956-cı ildən isə “Göstərir Bakı” sözləri ilə Azərbaycan Televiziyası fəaliyyətə başlayaraq həyatımıza daxil oldu.
Radio və televiziya cəmiyyətdə milli vətənpərvərlik ruhunun yüksəlməsində, dövlətə və xalqa məhəbbətin artmasında, ölkəmizin milli maraqlarının təbliğində güclü ideoloji silah kimi müstəsna rol oynayır.
Bu gün informasiya texnologiyalarının, sürətli internetin, sosial medianın rolunun artmasına baxmayaraq, radio və televiziya öz yaddaqalan xüsusi fərqli efir tərzi və öz xüsusi dəst-xətti, ruhu ilə cəmiyyətimizin həyatında yenə də müstəsna yüksək yerini qoruyub saxlayır.
Ona görə də, efir siyasətində hər zaman dövlətçilik və millilik amili əsas diqqətdə saxlanmalıdır, milli adət-ənələrimizi təbliğ edən efir əsərləri, proqramlarına üstünlük verilməlidir.
Bayağı və insanların mənəvi tərbiyəsinə zidd verilişlərdən uzaqlaşmalı, milli ənənələrimizi təbliğ edən maarifçi verilişlər, hərbi-vətənpərvərlik tipli proqramlar ön planda olmalıdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə də teleradio fəaliyyət göstərir.
Bu il oktyabrın 21-də Azərbaycan Beynəlxalq Radiosu Qarabağda fəaliyyətə başlayıb, radio noyabrın 1-dən 24 saatlıq yayım rejiminə keçib.
İnanıram ki, yaxın günlərdə efirlərdən “Danışır Xankəndi” dalğaları ilə biz milli vətənpərvərlik verilişlərinin də şahidi olacağıq.
Bir daha Radio və Televiziya işçilərinin peşə bayramı münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli vəzifələrində tükənməz uğurlar arzulayıram.
Vaqif Abdullayev- siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki