Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Wyndham Tashkent” otelində Azərbaycanın Zəfər Günü ilə bağlı qəbul keçirib.
Newscenter.az xəbər verir ki, mərasimdə Özbəkistan xarici işlər nazirinin müavini Babur Usmanov, digər dövlət strukturlarının təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.
İlk öncə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi və Azərbaycanın qazandığı möhtəşəm zəfərə dair foto sərgi ilə tanış olublar.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsi və Zəfər Günü haqqında məlumat verib, bu qələbə nəticəsində torpaqlarımızın Ermənistan işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasından danışıb.
Səfir bildirib ki, müharibənin 44-cü günü, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusu qədim Şuşa şəhərini azad etdi, bunun necə çətin bir əməliyyat olduğu haqqında dünya mətbuatı materiallar çap edib.
Hüseyn Quliyev vurğulayıb ki, Şuşa hər bir azərbaycanlının ürəyində yaşayıb. Şuşa təkcə Azərbaycan tarixi və mədəniyyəti üçün deyil, həm də bütün Türk sivilizasiyası üçün əhəmiyyətli bir şəhərdir. Şuşa həm də tanınmış xanəndələr, bəstəkarlar, yazıçılar, şairlərin doğulduğu bir məkandır.
Səfir fəxrlə bildirib ki, bu gün Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən yuxarı Qarabağda-Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Əskəranda, digər şəhər və kəndlərimizdə dalğalanır.
Hüseyn Quliyev vurğulayıb ki, işğaldan azad olunduqdan bir müddət sonra bu qədim şəhər dövlət başçısı İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin 270 illiyi ilə bağlı 2022-ci ili “Şuşa İli”, TÜRKSOY isə Şuşanı 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Səfir Şuşada və işğaldan azad olunmuş digər Azərbaycan torpaqlarında aparılan tikinti-quruculuq işləri haqqında da məlumat verib, artıq azərbaycanlıların həmin torpaqlara mərhələ-mərhələ qaytarılması haqqında söhbət açıb.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəqs qrupunun ifasında milli rəqslərimiz təqdim edilib və ölkəmizdən xüsusi olaraq bu tədbirə dəvət olunan Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi orkestrinin estrada heyətinin solistləri Kənan Qədimov, Aynur Isgəndərlinin ifasında hərbi-vətənpərvərlik, Vətən, Ana mövzusunda mahnılar səslənib.
R.Mehdiyeva