Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət rəmzləri varlığımızın bir hissəsidir

Dövlət rəmzləri varlığımızın bir hissəsidir

 
Dövlət bayrağımızı sevirik – dövlətimizi sevirik. Bu sevgi Vətənə sevgidir. Obrazlı şəkildə desək, Vətən sevgimizlə Vətənin sədaqətli əsgərləriyik...

Dövlət bayrağımız 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının dövlət bayrağı olub. İmperiya Cümhuriyyəti ilhaq etdikdən sonra bayrağımızın üzə çıxarılması çox ciddi şəkildə qadağan edilmişdi. Dövlət bayrağımız evlərdə yaşadı, ürəklərdə yaşadı, ruhlarda yaşadı. SSRİ dağıldıqdan sonra yenidən tarixə qayıtdı. 1990-cı il noyabrın 17-də böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Vəsatət təmin edilmişdi-Azərbaycan SSR Ali Soveti 1991-ci il fevral ayının 5-də bu haqda qərar qəbul etdi: ADR-in Dövlət Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı oldu...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bayrağımızı sevənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdi, ordumuzun arxası-dayağı oldu, Vətən müharibəsində tarixi Zəfər qazandı.
Azərbaycançılıq hər bir vətəndaşın ruhundadır. Bu ruh vətəndaşlıq ruhudur, bu ruh tarixi ruhdur, bu ruh tarixin ruhudur...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Biz Azərbaycanımızı sevirik. Onun rəmzlərini varlığımızın bir hissəsi bilirik. Dövlət Bayrağımızı da! Bir şeirdə deyildiyi kimi, “Bayrağım – varlığım, bəxtiyarlığım!..”...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
Xəbəri paylaş