Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.
"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - o, axşam videomüraciətində bildirib.
Daha əvvəl Azərbaycanın ilin sonuna qədər paylayıcı şəbəkələrinin bərpası üçün avadanlıqları Ukraynaya verməsi planları açıqlanıb.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukraynaya çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.
Xatırladaq ki, Ukraynaya bundan əvvəl də Azərbaycan tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.
Anar TAGIYEV