Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı da, çıxışları da Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsini, dünya dövlətlərinin Azərbaycana olan etimadının və inamının daha da genişlənməsini təmin edir. Belə tədbirlər İkinci Qarabağ müharibəsindən sonra daha da intensivləşib.
Bu ilin noyabr ayının 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Azərbaycanla Özbəkistan arasında həmişə qarşılıqlı ehtiarm, qarşılıqlı inam olub. Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etmişdi. Bu, siyasi müstəvidə böyük sayğı deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdu. Bu da eyni münasibət kimi tarixləşmişdi.
Özbəkistanda keçirilən bu toplantı iştirakçı dövlətlərin iqtisadi maraqlarını birləşdirmişdi. Toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak və çıxış etdi. Ölkə başçımız çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycanın təşkilatın işində fəal iştirak ediyini, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğunu, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazır olduğunu bildirən ölkə başçımız dedi: “Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb”. Bu fikirlər iştirakçı dövlətləri daha səmərəli fəaliyyət üçün daha sıx əməkdaşlığın gərəkliyi kimi anlaşıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, “Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək”.
Ölkə başçımız Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verdiyini də, bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olduğunu da, 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları əhatə etdiyini də bildirdi...
Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı son dövrdə keçirilən gərəkli beynəlxalq toplantılardan biri kimi tarixləşdi. Bu tarixdə Azərbaycanın da özünəməxsus yeri və sözü oldu...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı