Azərbaycan başda Türkiyə Cümhuriyyəti olmaqla bütün türk dövlət və topluluqları ilə yüksək səviyyəli əməkdaşlıq qurur, bu əməkdaşlığı gündən-günə inkişaf etdirir. Bu gün rəsmi Bakının hər bir türk dövləti ilə həm çoxtərəfli, həm də ikitərəfli əlaqələri mövcuddur. İşğaldan azad edilmiş şəhər və rayonlarımıza türk dövlətləri tərəfindən yatırılan sərmayələr, orada aparılan quruculuq-abadlıq işlərində yaxından iştirak fonunda bunu aydın görmək mümkündür. Elə tarixçi Mənzər Ağabəyova da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, tarixçi bildirib ki, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürünün canlı şahidiyik:
"Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunub. Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində yaradıcılıq mərkəzi inşa edilib. Azərbaycanın Türk dünyası ölkələri ilə münasibətləri hər zaman dostluq və əməkdaşlığa əsaslanmışdır".
"Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq",-deyən Mənzər Ağabəyova "Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır", -deyə bildirib.
Anar TAGİYEV