“Fransa və Ermənistanın regionda yenidən gərginlik yaratmaq, Cənubi Qafqazı müharibə ocağına çevirmək cəhdlərinə təəssüflər olsun ki, Gürcüstan da dəstək olur. Gürcüstanın bu addımı Bakı-Tbilisi münasibətlərinə zərbə vurmağa hesablanmış bir addımdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, hər nə qədər rəsmi Tbilisi özünü təmizə çıxarmağa çalışsa da, reallıq ondan ibarətdir ki, Gürcüstan da bu məsələdə Paris və İrəvanla eyni cərgədə yer alır:
“Hazırkı situasiyada Tbilisinin atdığı addım Gürcüstan hökumətinin Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək cəhdlərinə, bu istiqamətdə ortaya qoyduğu siyasi iradəyə ziddiyyət təşkil edir. Görünür Gürcüstan hökuməti daxilində Ermənistanın maraqlarına xidmət edən qruplaşma var ki, onlar zaman-zaman Bakı ilə Tbilisi arasında münasibətləri gərginləşdirməyə çalışırlar”.
Arzuman Muradlı xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı da Serbiya şirkətinin Gürcüstan üzərindən Ermənistana silah-sursat göndərməsi faktı aşkar edildi:
“Bütün bunlar Azərbaycan tərəfində təəssüf doğurur. Gürcüstan bilməlidir ki, Ermənistan Azərbaycan kimi bu ölkəyə qarşı da ərazi iddiası ilə çıxış edir. Zaman-zaman Cavaxetiya ermənilərinin fəallaşaması və muxtariyyat tələb etməsi kimi cəfəng iddialarla çıxış etməsi yaxın tariximizdə hər birimizin gözü qarşısıında olub. Ona görə də rəsmi Tbilisi işğalçının işğalı dəstəkləyən ölkə tərəfindən silahlandırılmasında vasitəçi olmamalıdır”.
Anar Əliyev