Fransa yenidən regionda gərginlik yaratmaq, yeni müharibə başlatmaq niyyətindədir. Parisin İrəvana hərbi dəstəyi, bu ölkəni silahlandırması deyilənləri təsdiqləyir. Elə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, komitə sədri deyib ki, Fransanın Gürcüstanın Poti limanı üzərindən Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Bastion” markalı çoxməqsədli zirehli maşınlar və avadanlıqlar göndərməsi kifayət qədər təxribatçı addımdır və bu addım sadəcə Ermənistanın özgüvən hissini artırmağa hesablanmayıb:
"Məqsəd Ermənistanı təpədən dırnağa qədər silahlandırmaq və Cənubi Qafqazda yeni münaqişələrə yol açmaqdır".
Əlisahib Hüseynov deyib ki, Paris Vaşinqtondan cəld tərpənib, Rusiyadan sürətlə uzaqlaşmaqda olan Ermənistanı qamarlamaq, onu öz forpostuna çevirmək, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi, dəyənək kimi istifadə etmək üçün hərəkətə keçib:
"Ermənistanın hazırda demilitarizasiyaya və denasifikasiyaya ciddi şəkildə ehtiyacı olduğu halda, Paris tamamilə əks mövqedən çıxış edərək Ermənistanı Cənubi Qafqazın ən hərbiləşdirilmiş məntəqəsinə çevirməyi planlaşdırır.
Fransa prezidenti Emmanuel Makron hazırda dünyada baş verən geosiyasi çalxalanmaların yaratdığı qarışıqlıqdan istifadə edərək Gürcüstan üzərindən Ermənistana silah tədarük etməklə Cənubi Qafqazın hər iki ölkəsini öz təsir dairəsinə salmağa çalışır. Və bunun üçün Avropa İttifaqından da rıçaq kimi istifadə edir. Avropa İttifaqının vasitəsilə Gürcüstanı şirnikləndirməklə və bu ölkəni Ermənistana ötürüləcək silahlar üçün tranzitə çevirməklə anti-Azərbaycan cəbhəsinə qoşmaq istəyirlər".
Sonda o, "Bütün bunlar təbii ki, regionda yeni reallıqların yaranmasına gətirib çıxara biləcək kifayət qədər təhlükəli proseslərdir. Biz Fransa və Avropa İttifaqının yaxın perspektivdə regionda destabilizasiyaya hesablanmış planlarını neytrallaşdırmaq üçün önləyici tədbirlər görməliyik. Fransanın Cənubi Qafqazda neoimperialist siyasət yürütməsinə əsla yol vermək olmaz. Azərbaycan və Türkiyə Fransaya öz yerini göstərəcək",-deyə vurğulayıb.
Anar Əliyev