"Azərbaycanın qələbəsindən sonra Avropanın aparıcı ölkələri olan Almaniya və Fransanın bizə qarşı sanki cəbhə açmasının səbəbi regionda söz sahibinə çevrilmək üçün proseslərin içində olmaq cəhdidir. İlk baxışda bu ölkələrin regional əlaqəli planlarının nə ola biləcəyi məsələsi maraq doğurmaya bilmir. Qeyd edilən kimi onların regiona öz maraqları baxımından gəlməyə çalışması, Aİ komissiyasının ali nümayəndəsi Jozef Borelin Avropa missiyasının sərhəddə sayının artırılması ilə əlaqəli bəyanatını belə müxtəlif məqsədlərə yozmaq olar, amma hesab edirəm ki, bunun kökündə regionun gələcəyi üçün Azərbaycan-Türkiyə, eyni zamanda, Rusiyanın planlarının qarşısını almaq cəhdləri dayanır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov son vaxtlar Avropada formalaşan antiAzərbaycan mövqeyinin səbəbləri barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, bu, daha böyük plan olan Türk birliyi yaradılmasının mahiyyətini təşkil edən əlaqə üçün coğrafiyanın nəzarət altına alınması, Zəngəzur dəhlizinin Ermənistanın nəzarətindən çıxmaması üçün fəaliyyət planını əhatə edir:
"Təsadüfi deyildir ki, onların əsas qorxusu Zəngəzurda Azərbaycanın müharibəyə hazırlaşdığı ritorikasıdır. Azərbaycan isə beynəlxalq hüquqa hörmət edən ölkədir. Ermənistanın ərazisində gözü olmadığını dəfələrlə qeyd edib. Amma buna baxmayaraq bu ölkələrin eyni fikri təkrarlamaları onu göstərir ki, Azərbaycanın belə bir fikri olmasa da, Rusiyanın belə bir fikri var və onlar qorxurlar ki, Rusiya bunun üçün Azərbaycanı buna sövq edə bilər. Ermənistanın silahlandırılması, müşahidə missiyasının artırılması da buna işarədir. Görünən odur ki, bu ölkələr həqiqətən də öz yalanlarına özlərini inandırıblar, ya da ki, həqiqətən də nəsə bilirlər".
Sonda politoloq "Hesab edirəm ki, Zəngəzur dəhlizi açılacaqsa belə, bu, hərbi yolla yox, sülh yolu ilə olacaq. Azərbaycan hansısa ölkənin təhriki ilə hərəkət edən ölkə deyil. Bunun üçün starateji ağıl işlədilir və belə də davam ediləcək",-deyə vurğulayıb.
Anar Əliyev