"Son vaxtlarda Qərb ölkələrinin separatçı rejim quran və işğalçılıq üzərində qonşuları ilə davranan Ermənistanı silahlandırması bizə əsas verir deyək ki, Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır və bu xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı təhdidlər, təzyiqlər və təsir mexanizmləri kimi qəbul edilməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, səbəblərə baxdıqda, burada Qərbin geosiyasi və geoiqtisadi maraqlarını mütləq qeyd etmək lazımdır:
"Həmçinin Rusiya faktoru bu ölkədə hələ də öz gücünü saxlamaqdadır və proseslər onu göstərir ki, Ermənistanda Rusiyanın sıxışdırılmasına Avropa İttifaqı öz dəstəyini verəcək. Bu səbəbdən Avropa İttifaqı əslində Azərbaycana qarşı təsir mexanizmlərini sərgiləməklə Türkiyə və Rusiya faktoruna da toxunur. Çünki, bu iki ölkə Qərbin maraqlarını regionda təhdid altında saxlamaq imkanlarına malikdir".
Daha sonra ekspert bunları qeyd edib:
"Deməzdim ki, Qərb ölkələri Azərbaycana qarşı cəbhə acıb, amma, Avropa İttifaqının nümayəndəsi Cozef Borelin ölkəmizə qarşı qərəzli bəyanatı və bu kontekstdə səslənən bəyanatların olacağı gözlənilir. Belə bəyanatlar bizim üçün təcrübədir və Azərbaycan özünün haqlı siyasətini davam etdirir. İnanıram ki, bütün maneələri dəf etməyə gücümüz yetərincə var və bu uğurlu siyasət müvəffəqiyyətlə başa çatdırılacaq".
Anar Əliyev