"Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoymaqla yeni cəbhə açmaq istəyir. Amma bir şeyi unudur ki, Ermənistan Ukrayna deyil. Birincisi, nə silah verilməsindən və ya gələcəkdə hansı silahların verilməsindən asılı olmayaraq Ermənistanın kiminləsə müharibə aparmaq imkanı yoxdur. 44 gün ərzində 12 min fərarisi olan bir dövləti hansı texnika ilə təmin etsən belə bu dövlət məğlubiyyətə məhkumdur. İkincisi isə bu gün kollektiv Qərbin Ermənistanı Ukrayna qədər silah və texnika ilə təmin etmək imkanı yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, görünən odur ki, bu, hazırda Ermənistanı dəstəkləyən dövlətləri elə də narahat etmir:
"Ermənistanın taleyinin necə olacağı, hansı vəziyyətə düşəcəyi də onlar üçün bir o qədər maraqlı deyil. Əsas odur ki, qarşıdurma olsun və onlar da bundan istifadə edərək Ermənistanı müdafiə adı altında bu ölkəyə girə bilsinlər".
Politoloq "Hansı ssenarinin oynanılmasından asılı olmayaraq sonda məğlub tərəfin Ermənistan olacağı şübhə doğurmur",-deyə sonda bildirib.
Anar Əliyev