"Fransanın simasında Qərbin Ermənistanı silahlandırmasının ardında təkcə Azərbaycana qarşı müəyyən dividentlər qazanmaq dayanmır. Cənubi Qafqaz regionu qlobal siyasi qarşıdurmaların qaynar nöqtələrindən birinə çevrilmək üzrədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, hər zaman olduğu kimi bu missiyada istifadə olunan fiqur rolunda İrəvan çıxış edir:
"Qərbin maraqlarına xidmət edən siyasi xətt izləyən Paşinyan, uzun illərdir onlar üçün təhlükəsizlik çətiri formalaşdıran Rusiyanı əvəzləmək niyyətində israrlı görünür. Onun "KTMT" - nin Minskdə keçiriləcək sessiyasında iştirakdan imtina etməsi, baş nazirin ölkəsini Kremldən qoparmaq cəhdlərinin bir parçası kimi qiymətləndirilməlidir. Sonuncu paralel şəkildə Rusiyanın Ermənistandakı hərbi bazasından tutmuş bütün siyasi varlığına qarşı genişmiqyaslı kampaniyaya start verib. Təbii ki, cərayan edən proseslər fonunda diqqəti bir məqam cəlb edir ki, Paşinyan həqiqətən də Moskva ilə bu tərzdə rəqabətdən qalib gələcəyinə ümid edir? Yoxsa bu onun növbəti hiyləgərliyidir?"
AVP rəsmisi hesab edir ki, indiki məqamda Qərb tezisi daha qabarıq görsənir və İrəvan-Moskva xəttindəki qırılmalar birincinin siyasi vektorunu bu istiqamətə yönəltməsini işıqlandırır:
"Təbii ki, Ukraynada istədiyini əldə edən Qərbin növbəti dayanacağının Ermənistan olmaq ehtimalı yüksəkdir və hesab edirəm Paşinyan da məhz bu ambisiyalar üçün seçilib. Lakin ABŞ-Avropa ikilisinin Ermənistan-Azərbaycan münasibətləri fonunda Bakını hədəf alan çıxışları prosesi fərqli görünüşdə təqdim etmək istəklərindən irəli gəlir. Ən son olaraq Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin açıqlamaları buna bariz nümunədir. Rəsmi Bakı Ermənistana yönəlik hər hansı bir hücum planın olmadığını dəfələrlə bəyan edir, hətta ittihamların istinad nöqtəsi olan Zəngəzur dəhlizinin artıq maraq çəkmədiyini vurğulayır. Lakin buna baxmayaraq Qərb camiyəsi öz ittihamlarını informasiya müstəvisindən rəsmi müstəviyə yüksəltməkdə davam edir".
Pərviz Mirizadə deyib:
"Hədəf isə bəllidir və üç əsas aspektə şərh olunmalıdır.
1-Ermənistan üzərindən regionda möhkəmlənmək
2-Rusiyanı bütün mövcudluğu ilə Ermənistandan çıxartmaq və bölgədə olan mövqelərini zəiflətmək.
3- regionda yeni münaqişə ocağı yaratmaqla dəhlizlər üzərində təsir imkanları qazanmaq.
Məhz sadalanan hər üç istiqamət üzrə intensiv işlər gedir və risqlərdə artır. İrəvan rəhbərliyi KTMT-dən çıxmaq üçün Azərbaycanla şərti sərhəddə eskalasiya risqini artırmaqda maraqlı ola bilər və adekvat tədbirlərdən sonra Moskvanı yardım etməməkdə ittiham edərək əsas məqsədinə çata bilər. Ona görə də Qərb əsaslı səbəblər olmadan Ermənistanı müdaifə edəcək bəyanatlar verir, süni şəkildə regionda gərginliyin artdığı görünüşünü formalaşdırmağa çalışır".
Anar Əliyev