"Bilindiyi kimi iki gün əvvəl ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmə keçirilib. Dinləmələr zamanı ölkəmizlə bağlı və Qarabağda son bir neçə ildə baş verən hadisələr ətrafında müxtəlif fikirlər və düşüncələr səslənib. Bu fikirlər əsasən sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri ilə bağlı olub və onun ətrafında fikirlər və düşüncələr səsləndirilib"
Newscenter-az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, əslində bu dinləmələrdə ölkəmizə qarşı səsləndirilən iradların qərəzli olduğu açıq şəkildə ifadə olunurdu və obyektivlikdən uzaq olan bu iradlar, son vaxtlar ölkəmizə qarşı ikili yanaşma kimi bir tendensiya halı alıb desək yanılmarıq:
"Qarabağdan Ermənistana köç edən etnik ermənilərin guya Azərbaycanın güc tətbiq etməsi ilə əlaqələndirilməsi və bundan "cənabların" məyusluq hissi keçirərək təəssüf etmələri hazırlanmış ssenari kimi təsir bağışladı. Çünki, işğalçı Ermənistana və cənabların təbirincə desək, "Azərbaycan tərəfindən zor gücü ilə öz yurd--yuvalarından qovulan" Qarabağ ermənilərinə qarşı edilən dəstəyin heç bir faizini belə, biz Ermənistandan qovulan azərbaycanlılar haqqnda və onlara qarşı hansısa addımın atılması istiqamətində bir işin aparılmasını görmədik və həqiqi mənada öz yurd-yuvalarından zorla qovulmuş bu azərbaycanlıların taleyi nədənsə "ədalət carçısı" olan ABŞ-ın maraqlarına uyğun gəlmir"
Çingiz Şahbazinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin bağlanma prosesində baş verən ləngimələri, ölkəmizin üzərinə yıxma kimi cəhdləri və bu proses zamanı Ermənistanı məhz Azərbaycanın bu addımından dolayı məsum kimi qələmə verilməsi cəhdləri bizə əsas verir ki deyək, bütün bunlar ölkəmizə qarşı aparılan çirkin iftiralardır və belə şeylər əsla bizi yolumuzdan döndərə bilməz:
"Əslində Cənubi Qafqazda sabitliyi pozmağa çalışanlar, özlərini barışdırıcı və ədalətli göstərməyə çalışsalar da, rəsmi Bakının mövqeyi daha çox öz təsdiqini tapıb. Rəsmi Bakı, ABŞ Dövlət Departamentinin diplomatı və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O'Brienin hesabatı zamanı məruzəsində səsləndirdiyi fikirləri ölkəmizə qarşı birtərəfli və qərəzli sayaraq səmərəsiz, əsassız və qəbuledilməz hesab edib və qiymətləndirib".
Anar Əliyev