Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb.
Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib.
General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.
Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib.
Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib.
Mehman Mehdiyev